Azərbaycanda siyasi məhbus mövzusunda müəyyən müsbət dəyişikliklər yer almaqdadır.
AranNews- Bununla bağlı DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) müraciət qəbul etmişdir. DEVAMM sədri, Hacı İlqar İbrahimoğlunun yaydığı sənəddə bildirlir:
“Son günlər Azərbaycanda siyasi məhbus mövzusunda müsbət dəyişikliklər yer almaqdadır. Belə ki, siyasi-ictimai fəaliyyətinə və fikirlərinə görə azadlıqdan məhrum edilən bir çox fəallar azadlığa çıxmışdır və ümidvarıq ki, bu proses davam edəcəkdir. DEVAMM olaraq, bu yanaşmanı təqdir edir və umid ifadə edirik ki, sözügedən proses bir tendensiya halı əldə edəcək və Azərbaycanda siyasi baxışlara, tənqidlərə, fərqli yanaşmalara, fəal siyasi fəaliyyətə görə təqib olunma halları bilmərrə aradan qalxacaqdır. Ümid edirik ki, qanunin aliliyi birmənalı olaraq bərqərar ediləcək və hüquqi dövlət prinsiplərinə qeyd-şərtsiz əməl olunacaqdır.
Eyni zamanda DEVAMM qeyd edir ki, İlqar Məmmədov, Xədicə İsmayıl və başqa siyasi məhbusların azadlığa çıxmasını da səbirsizliklə gözləyir. Eyni zamanda DEVAMM bəyan edir ki, dini etiqadla bağlı Mövsüm Səmədov, Abgül Süleymanov, Seyid Fəramərz Abbasov, Elşən Mustafaoğlu, Ceyhun Cəfərov və başqaları hələ də həbsdə qalmaqdadırlar.
Mərkəz sözügedən şəxslərin təcili azad olunması üçün bir daha çağırış edir. DEVAMM hesab edir ki, dünyagörüşündən asılı olmayaraq, siyasi və vicdan məhbuslarının bir qisminin azadlıqdan məhrum edilməsinin davam etməsi qətiyyən qəbuledilməzdir.
Bununla yanaşı, DEVAMM vətəndaş cəmiyyəti fəallarının diqqətini bir zəruri məsələyə cəlb etmək istəyir. Belə ki, siyasi və vicdan məhbuslarının hüquqlarını müdafiə məsələsində, hətta vəziyyətlərinin işıqlandırılması, təqsirliliyinə münasibət kimi mövzularda bəzi şəxslər və qurumlar tərəfindən müəyyən diskriminasiya təzahürləri sezilməkdədir. Söhbət ondan gedir ki, dini etiqadla bağlı olan siyasi məhbuslarla əlaqəli müəyyən “ehtiyatlanma” görünməkdədir. Digər siyasi məhbuslarla bağlı birmənalı mövqe sərgiləyən ictimai-siyasi fəallar, dini etiqadla bağlı həbs edilənlərlə əlaqədar bir sıra hallarda tərəddüdlü və hətta gözləmə mövqeyi təzahür etdirirlər.
DEVAMM sözügedən halı qeyri-məqbul hesab etdiyini bəyan edir və ictimai-siyasi fəallara, vətəndaş cəmiyyətinin bütün qurumlarına, media mənsublarına vəziyyətin köklü dəyişməsi ilə bağlı müraciət edir. DEVAMM hesab edir ki, bu cür “ehtiyatlanma” və “tərəddüdl”lərdən birdəfəlik imtinanın vaxtı çoxdan gəlib çatmışdır. Və dini etiqadla bağlı siyasi və vicdan məhbuslarına da obyektiv nəzərlə baxmaq, bölücülükdən və özgəçilikdən qurtulmaq məqamı artıq çoxdan yetişmişdir.
DEVAMM vurğu edir ki, bu cür “ehtiyatlanma” və “tərəddüdl”lər – qlobal islamofobik sürəcin əks-sədasıdır və istər məmurların, istərsə də vətəndaş cəmiyyətinin bəzi mənsubları bu ksenofobik sürəcin təsiri altına düşmüşlər.
DEVAMM onu da qeyd etməyi özünə borc bilir ki, istər siyasi partiyaların, istər medianın, istərsə də vətəndaş cəmiyyətinin digər bölmələrinin kifayət qədər böyük hissəsi bütün siyasi məhbuslara münasibətdə eyni yanaşma sərgiləyirlər. Təəssüf ki, müəyyən bir hissə hələ də ikili yanaşma sərgiləyərək, ümumi fona mənfi təsir etməyə müvəffəq olur.
Bunları nəzərə alaraq, DEVAMM hakimiyyət mənsublarına qalan siyasi məhbusların, o cümlədən dini etiqadla bağlı həbs edilənlərin tezliklə azadlığa çıxması üçün çağırış edir, vətəndaş cəmiyyəti təmsilçilərinə isə toxunulan mövzularla bağlı mövqelərində köklü dəyişiklik etmələri üçün müraciət edir”.