Hüquq müdafiəçisi İntiqam Əliyev deyib ki, Azərbaycanda hüquq-mühafizə orqanları hakimiyyətin şilləvuranı rolunda qalmaqda davam edir.
AranNews- Öz mənzilində onu görməyə gələnləri qarşılayan İntiqam Əliyev jurnalistlərin suallarını da cavablandırmağa imkan tapıb.
Martın 28-də azadlığa çıxmış hüquq müdafiəçisi İntiqam Əliyev deyib:
“Vətəndaş cəmiyyətinə çox ciddi basqılar oldu. Bu basqılar nəticəsində ilk baxışdan elə təsəvvür yaranar ki, demokratiyanın şansları çox azalıb. O repressiyalara, basqılara baxmayaraq, proses gedirdi və biz bunu hiss edirdik. Bu, Azərbaycan cəmiyyətinin böyük potensialından xəbər verir. Hər hansı bir xalq bu qədər basqılara məruz qalsaydı, bunu davam etdirməyə gücü çatardımı? Bu anlamda hesab edirəm ki, məyus olmağa əsaslarımız yoxdu. İşıqlı gələcək qarşıdadı. Azadlıq uğrunda hərəkat nəticəsini verəcək, buna şübhəm yoxdu. Bu anlamda ümidlər qalıb və yeni bir güclə prosesə qatılmaq fikrindəyəm”.
İntiqam Əliyev deyib ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdu: “Ölkədə hüquq-mühafizə orqanları hakimiyyətin şilləvuranı rolunda qalmaqda davam edir. Bu ölkədə qanunlar işləmir. Bu ölkədə həbslərin özü siyasi alver vasitəsinə çevrilib. Ölkədə müstəqil media, vəkillik, məhkəmə sistemi olmadıqca, siyasi məhbus problem də aktual olaraq qalacaq. Bu ölkədə azadlıq istəmək, azadlıqlar uğrunda çalışmaq, korrupsiyaya, özbaşınalıqlara etiraz etmək cinayət salınır. Uzun illər bunlara qarşı mübarizə aparan biri kimi həbsimə hazır idim, gözləyirdim. Bir az gecikmişdi. Niyə məni buraxdılar? Bilirəm, nəyə görə buraxdılar. Bu, qeyd etdiyim kimi, vətəndaş cəmiyyətinin, medianın, beynəlxalq təşkilatların, demokratiya uğrunda hərəkatda olan adi insanların əməyidir”.
İntiqam Əliyev səhhətində heç bir problem olmadığını, bundan sonra da fəaliyyətini davam etdirəcəyini deyib: “Bizim başqa cür yaşamağa haqqımız yoxdur”.