Rusiyanın Yerevanın tərəfində müharibəyə müdaxiləsi və 2008-ci ildəki “Gürcüstan ssenarisi”nin təkrarlanması həddinə qədər Moskva və Bakının maraqlarının sərt toqquşması ilə nəticələnə bilər.
AranNews- “2016-cı ildə Rusiyaya qarşı sadə vətəndaşların fərqində olmadığı təhlükələr də var. İlk növbədə, bu, Suriya və Ukraynadakı böhranlarla bağlı ikinci plana keçən, amma daha az təhlükəli olmayan Dağlıq Qarabağ münaqişəsinin mümkün eskalasiyası ilə bağlıdır. Son zamanlar orada artilleriyadan istifadə olunmaqla atışmalar intensivləşib. Münaqişə tərəfləri isə əsil silahlanma yarışına başlayıblar. Hadisələrin bu cür inkişafı Rusiyanın Yerevanın tərəfində müharibəyə müdaxiləsi və 2008-ci ildəki “Gürcüstan ssenarisi”nin təkrarlanması həddinə qədər Moskva və Bakının maraqlarının sərt toqquşması ilə nəticələnə bilər. Bu isə Türkiyə ilə Rusiya arasında münasibətlərin daha da pisləşməsini şərtləndirərdi. Ona görə ki, Moskva və Ankara münaqişədə fərqli tərəfləri dəstəkləyirlər – müvafiq olaraq Ermənistan və Azərbaycanı”.
Bu barədə Rusiyanın “Valday” diskussiya klubu və “Xarici siyasət” agentliyinin bu gün geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulan “Beynəlxalq təhlükələr – 2016” hesabatında bildirilir.
hesabatda Rusiya üçün əsas strateji təhlükənin ABŞ-ın onun zəiflətməyə yönəlik kursu və Amerkanın dəstəklədiyi rejimlərdən ibarət kordonla əhatə olunması qeyd olunub: “Zəif, qitənin dərinliklərinə sıxışdırılmış Rusiya ciddi iqtisadi rəqib olmayacaq, Avrasiyada alternativ güc mərkəzi formalaşdıra bilməyəcək. Zəif Rusiya Çinin ekspansiyasından qorxacaq və 21-ci əsrdə ABŞ-ın əsas layihəsində – Çinin qarşısının alınmasında onun tərəfdaşı olacaq”.
Hesabatda Rusiyaya qarşı əsas təhlükələrdən biri kimi, Türkiyə ilə müharibə riski və islam fundamentalistlərinin terror əməliyyatları da qeyd olunub.
Hesabat müəlliflərindən biri – “Valday” diskusiya klubunun proqram direktoru Andrey Suşençov “İzvestiya”ya bildirib ki, indi faktiki olaraq Rusiyaya qarşı münasibətdə ABŞ-ın xarici siyasətində iki yanaşma var. Bir qrup hesab edir ki, ABŞ məqsədli şəkildə Rusiyanın zəifləməsinə çalışır. Digərlərinin fikirincə isə amerikalılar öz məqsədləri uğrunda fəaliyyət göstərərkən, dolaysı ilə Rusiya maraqlarına zərbə vururlar.