Azərbaycanda onlarla dindar həbs olunmasına baxmayaraq ölkə ictimaiyyəti eyni diqqəti bu istiqamətdə göstərməkdə tərəddüd edir.
AranNews- Son olaraq İntiqam Əliyevin də azad edilməsi ilə bağlı DEVAMM-ın müraciəti müəyyən qədər müzakirəyə səbəb olub.
Belə ki, ölkədə onlarla dindar həbs olunmasına baxmayara ölkə ictimaiyyəti eyni diqqəti bu istiqamətdə göstərməkdə tərəddüd edir.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi(DEVAMM), bu mövzuya xüsusi olaraq diqqət çəkib və bunu bir növ ayrı seçkilik adlandırıb və ölkədə mövcud olan vətəndaş cəmiyyətinin fəallarını haqsız yerə həbs edilmiş dindarların da müdafiəsinə qalxmağa çağırıb.
Mövzu ilə bağlı vəkil Aslan İsmayılov deyib ki, qanunsuz həbs edilənləri bölmək lazım deyil: “Təbii ki, bu mövzu aktual bir mövzudur. Mən həmişə bir məsələnin tərəfdarı olmuşam: "qanunsuz yerə həbs edilən bütün məhbuslar azad edilməlidir". Qanunsuz həbs edilənləri bölmək lazım deyil. Qanunsuz həbs edilən şəxslərin tanınmış olması və ya tanınmış olmaması, hüquq müdafiəçisi olması və ya dindar olması heç bir fərq etmir. Qanunsuz həbs edilən bütün şəxslər müdafiə edilməlidir. Mən burada istənilən diskriminasiyanın əleyhinəyəm”.
Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, bu adamlar da siyasi mülahizələrlə tutulublar və cəmiyyət onları müdafiə etməlidir: “Əslində mart ayının 27-də mən bu mövzu ilə bağlı geniş fikirlərimi müsahibəmdə bildirmişəm. Mən də dindarlarla bağlı mövzunu ortaya çıxartmışam. Bu adamlar da siyasi mülahizələrlə tutulublar və cəmiyyət onları müdafiə etməlidir. Bu şəxslərlə qarşı ciddi haqsızlıq baş verib, dindarlar da siyasi məhbuslardır. Əslinə həbs prosedurası özü buna əsas verir. Həbs edilən dindarlar vəkillə təmin edilməyiblər. Adamlar işgəncələrə məruz qalırlar, ailə üzvləri ilə əlaqə imkanından məhrum ediliblər. Eyni zamanda, uzun müddət ictimaiyyətdən gizlədiliblər. Bu baxımdan etiqadlı insanların müdafiəsi, onların siyasi məhbus olması ilə bağlı öz fikirlərimi iki gün öncədən bildirmişəm. Əgər DEVAMM-da bu məsələni qaldırıbsa, onda bu təşəbbüsü alqışlayıram”.