Hacı İlham Əliyev: “Fatimə(s.ə) islam dininin əzəmət göstəricisidir”.
AranNews- Bu gün paytaxt Bakıda əziz İslam peyğəmbəri Həzrəti Məhəmmədin(s) sevimli qızı, dünya və axirət xanımlarının seyyidəsi Həzrəti Fatimeyi-Zəhra(s.ə)-nın mövlud günü ilə bağlı tədbir keçirilib. İslaminSesi xəbər verir ki, tədbir Azərbaycan İslam Partiyasının Qadınlar Şurası tərəfindən təşkil edilib. Mərasim ilk öncə Allah kəlamı Qurani-Kərimin oxunuşu ilə açıq elan edildi.Bundan sonra çıxış üçün söz AİP-in sədr əvəzi İlham Əliyevə verildi. Möhtəşəm və müqəddəs gün münasibəti ilə bütün xanımları və dünya müsəlmanlarını təbrik edən Hacı İlham Əliyev, Həzrəti Zəhra(s.ə)-nın şəxsiyyəti və fəzilətləri barədə tədbir iştirakçılarına məlumat verdi.AİP-in sədr əvəzi bildirdi ki, xanım Fatimeyi-Zəhra(s.ə)-nın həyatına bir neçə istiqamətdən baxmaq olar.“Bura o Həzrətin(s.ə) uşaq illəri, atası həzrəti peyğəmbərlə birgə olduğu illər və atasından müdafiə eləməsi, ailə qurduqdan sonra İmam Əli(ə)-la birgə yaşadığı müddəti daxildir. Xanım Zəhra(s.ə) əziz anası Həzrəti Xədicə(s.ə)-nın vəfatından sonra həzrəti peyğəmbərin xidmətində və qulluğunda elə durdu ki, “atasının anası” ləqəbini qazandı. “Xanım Zəhra(s.ə) ailə qurduqdan sonra da həyatının məşəqqətli və insanlara ülgü olduğunu söyləyən ilahiyyatçı-alim bildirdi ki, o həzrət, İmam Əli(ə) və övladları qarşısında öz vəzifəsində olduqca ləyaqətli formada icra etdi: “Xanımın evdarlıq səliqəsi və ədəb-ərkanı olduqca diqqət olunası bir məsələdir. Bir xanımın ailəni ən gözəl formada necə idarə edə bilərdisə, Fatimeyi-Zəhra(s.ə) bu sahədə də insanlara nümunə ola bildi. Əli(ə) ona qarşı edilən haqsızlıqlar və zülmlərə rəğmən evə daxil olduqdan sonra hər şeyi unudurdu. Bunlar hamısı Xanım Zəhra(s.ə)-nın şəxsiyyətindən və üzərinə düşən xanımlıq vəzifəsini icra etməkdən doğurdu.Peyğəmbərimizin(s) İmam Əlidən(ə) soruşduğu “Fatimeyi Zəhra(s.ə) sənin üçün necə bir xanımdır” – sualına o həzrət “Xanım Zəhra(s.ə) mənim üçün Allaha bəndəçilik etməkdə ən böyük köməkdir” – deyə cavab verib. Yəni xanımın ailədə ən gözəl və üstün məqamlarından biri də budur ki, öz həyat yoldaşına Allaha bəndəçilikdə və ibadətdə yardım etmiş olsun.”Hacı İlham Əliyev onu da bildirdi ki, Xanım Zəhranın(s.ə) övlad tərbiyəsində də misli bərabər olmayıb və onun tərbiyə etdiyi övladlar da göz qabağındadır: ”Həzrəti Fatimə(s.ə) Xanım Zeynəb(s), İmam Həsən(ə) və İmam Hüseyn(ə) və Ümmü-Gülsüm kimi övladlar tərbiyə edib. Tərbiyə etdikləri övladların hər biri Allah üçün və onun dini, dəyərləri uğrunda öz canını, malını və varlığını tamamilə fəda elədi. Əslində bütün bunların hamısı İslam dininin böyüklüyündən və əzəmətindən irəli gəlir ki, bu cür şəxsiyyətləri bəşəriyyətə təhvil verə bilib. Yəni islam dinində o qüdrət vardır ki, Xanım Zəhra(s.ə) kimi bir şəxsiyyəti yetişdirib bütün dünyaya nümunə kimi təqdim etsin.“Bundan sonra AİP rəhbərliyi tərəfindən hazırlanmış həbsdə olan partiya lideri Mövsüm Səmədovun portreti onun ailəsinə hədiyyə olaraq təqdim edildi. Eyni halda tədbirdə iştirak edən digər xanımlara da hədiyyələr verildi.Bundan sonra çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova ilk öncə müqəddəs gün münasibəti ilə zamanın imamı Həzrəti Mehdini(ə.c) və bütün müsəlmanlarını təbrik etdi. Həzrəti Zəhranın(ə) şəni ilə bağlı Allah və Rəsulundan(s) başqa heç kimin lazımı formada qiymətləndirə edə bilmədiyini söyləyən Növrəstə xanım, bildirdi ki, o Həzrət(s.ə) haqqında yalnız Allah və Əhli-Beyt(ə) danışa bilərlər:“Hər bir qadın üçün Fatimeyi-Zəhra(s.ə)-da olduqca böyük və mühüm nümunələr vardır. Həyatın bütün sahələrində istər həyat yoldaşı, istər valideyn, istərsə də övlad və digərləri ilə necə davranmaq istəyiriksə gərək bunun üçün Xanımın həyatına nəzər salaq. Bizlər də öz növbəmizdə xanıma oxşamağa çalışmalıyıq. Bunun üçün də ən mühüm olan budur ki, öz əməllərimizə ciddi şəkildə diqqət etməli və saleh əməllərimizi artırmalıyıq. Yəni sevgi və iddialarımız əməllə öz təsdiqini tapmalıdır.”Tədbir sual-cavab viktorinaları və qaliblərin mükafatlandırılması ilə davam etdi.