Yalçın İmanov, Mövsüm Səmədovun informasiya almaqla bağlı yaranan problemlərinin aradan qaldırıldığını söyləyib.
AranNews- Vəkil Yalçın İmanov bu gün Qobustan Qapalı Həbsxanasında AİP lideri Mövsüm Səmədovla görüşüb.
Müvəkkilinin səhhətinin və əhval ruhiyyəsinin normal olduğunu söyləyən Yalçın İmanov, Mövsüm Səmədovun informasiya almaqla bağlı yaranan problemlərinin aradan qaldırıldığını söyləyib.
“Artıq Mövsüm Səmədov gündəlik bir neçə qəzetlə təmin edilir. İnformasiya almaqla bağlı yaradılmış maneələr aradan qaldırılıb.”
Vəkil onu da qeyd etdi ki, AİP lideri Mövsüm Səmədov azadlığa buraxılan siyasi məhbuslara salam göndərib:
“AİP lideri ilk öncə azadlığa çıxan siyasi məhbuslara salam göndərdi və azadlığa buraxılan məhbusların özlərinin, əzizlərinin sevinclərini bölüşdüyünü bildirdi. Onu qeyd etdi ki, azadlığa çıxan siyasi məhbuslar üçün ən mühüm məsələ məhbus dövründəki mübarizə əhval-ruhiyyələrini azadlığa çıxandan sonra da qoruyub saxlamaqdır.”
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilib və barəsində Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəməsində 12 il müddətinə azadlıqdan məhrum olunmaq barədə həbs cəzası çıxarılıb. Hazırda Qobustanda qapalı tipli həbsxanada saxlanılır.