Tarix : 2016 Apr 03
Kod 48374

Ortaq maraqlara xidmət edən, “Cənub Qaz Dəhlizi”

Azərbaycanın qaz strategiyasının maraqlarına uyğun olan “Cənub Qaz Dəhlizi” layihəsi əslində Rusiyaya qarşı həyata keçirilən “enerji qalxanı” planının tərkib hissəsidir.
AranNews- İran, Rusiya və Azərbaycanın xarici işlər nazirləri regional məsələləri müzakirə etmək məqsədi ilə görüşəcəklər.
Tərəflər Qara dəniz nəqliyyatı, yeni regional əməkdaşlıq, təhlükəsizlik və neft bazarındakı qiymətlər kimi məsələləri 27 apreldə müzakirə edəcəklər.
Qara dəniz sahilində yerləşməyən İran və Azərbaycanın Rusiya ilə bu su hövzəsini niyə müzakirə edəcəkləri maraq doğurur. Digər maraq doğuran məqam açıqlamanın Azərbaycan rəsmilərinin nüvə sammiti çərçivəsində ABŞ-da mühüm görüşlər keçirdiyi ərəfədə verilməsidirr.
Xatırladaq ki, Azərbaycandan fərqli olaraq, nə Rusiya, nə də İran həmin sammitə qatılıb. Halbuki, bu dövlətlərdən biri dünyanın ən böyük nüvə ölkəsi, digəri isə, nüvə enerjisindən dinc məqsədlə istifadə etməyə çalışan dövlətdir.
Atom dövləti olmayan və qarşısına ondan hətta dinc məqsədlər üçün istifadə etmək hədəfləri qoymayan Azərbaycan prezidenti isə bu sammitdə iştirak edir və ABŞ rəsmiləriylə nüvəylə əlaqəsi olmayan bir sıra məsələlər, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsi barədə müzakirələr aparır. Görüşlərin birində ABŞ administrasiyasının ikinci adamı sayılan Co Bayden ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi Bakının fəaliyyətini tam dəstəklədiyini və bu sahədə lazımi addımlar atacaqlarını bildirib.
Zənnimizcə, Rusiyanın Azərbaycan və İranla regional əməkdaşlıq və Qara dəniz məsələsi ilə bağlı müzakirə aparmaq istəməsinin əsas səbəblərindən biri də məhz bu ola bilər.
Çünki Azərbaycanın qaz strategiyasının maraqlarına uyğun olan bu layihə əslində Rusiyaya qarşı həyata keçirilən “enerji qalxanı” planının tərkib hissəsidir.
Məlumdur ki, Ukrayna böhranından sonra Avropaya qaz nəqlinin 80%-ni bu ölkənin üzərindən həyata keçirən Rusiya Kiyevi cəzalandırmaq üçün yeni qaz kəməri alternativlərinə yönəldi. Alternativlərdən biri “Şimal axını” layihəsidir ki, Baltik dənizin altından ümumi illik həcmi 55 milyard kub metr olan iki kəmər çəkərək, əsasən Almaniya və digər Qərbi Avropa ölkələrinə qaz nəql etməyi nəzərdə tutur.
Digər alternativ isə illik həcmi 60 milyard kub metr olan “Cənub axını” kəməridir ki, hədəfi Qara dəniz üzərindən Yunanıstana, ordan isə digər Şərqi və Orta Avropaya mavi yanacaq daşımaqdır.
Zənnimizcə, "Cənub Qaz Dəhlizi" layihəsinin "Cənub axını"na alternativ olduğunu, Rusiyanın Avropaya nəqlini planlaşdırdığı qaz kəmərinin Qara dənizdən keçəcəyini nəzərə alsaq, Azərbaycanın bu dənizlə əlaqədar danışıqlara dəvət olunmasının səbəbi ortaya çıxır.
Başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri isə Rusiyanın öz enerji potensialından strateji silah kimi istifadə edərək, sözünə baxmayan ölkələri cəzalandırmasının qarşısını almağa çalışırlar.
Onların fikrincə, Rusiyanın bu addımı iqtisadı yox, geopolitik məqsədlər güdür və Avropa nə qədər bu asılılıqdan xilas olmayıb, qitənin enerji təhlükəsizliyindən danışmaq da mümkün deyil. Həqiqətən də istər 2006, istərsə də 2009-cu ilin qış aylarında Rusiyanın Ukraynanı cəzalandırmaq üçün qaz nəqlini dayandırması ciddi problemlərə yol açmış, xüsusilə Şərqi Avropa ölkələri donmaq təhlükəsi ilə üz-üzə qalmışdılar.
Avropanın rus qazı asılılığından azad etmək üçün isə “Cənub Qaz Dəhlizi” layihəsi ortaya atıldı. Ötən il Avropa Birliyi tərəfindən müzakirə edilib ən uyğun variant kimi qəbul olunan bu layihədə nəzərdə tutulan hədəflərdən biri də TANAP və TAP kəmərlərini daha da genişləndirmək, Qazaxıstan, Türkmənistan və İran qazını da bu kəmərə əlavə etməkdir.
Hələlik, Uzaq Şərq ölkələrinə qaz satıb qazan dolduran Türkmənistanın və Rusiya ilə yaxın müttəfiqlik edən Qazaxıstanın ağrımayan başlarına duz bağlayıb-bağlamayacaqları məlum olmasa da, 30 ildən artıqdır sanksiyalara məruz qalaraq, çətin vəziyyətə düşən İranın “Cənub Qaz Dəhlizi”nə iştahla baxdığı məlumdur. Görünür, çətin anında ən çox Azərbaycandan və İrandan “beli çox bərk olmayan” Rusiya “Qara dənizlə bağlı” müzakirəni də məhz bu iki dövlətlə aparmağı məsləhət bilir.
Əslində Rusiyanı anlamaq çətin deyil. Avropanı rus hegomoniyasından xilas edəcək “Cənub Qaz Dəhlizi” layihəsi reallaşacağı təqdirdə, Moskva təkcə sözə baxmayan “kiçik qardaşları” sillələyəcək strateji silahını itirmir. Onun həm də ildə ən azı 200 milyard dolları təhlükə altına düşəcək. Nədən ki, Avropaya satdığı qaz Rusiyaya ildə bu qədər pul qazandırır.
Dünyanın düz vaxtında Moskvanın cibini dolduran bu məbləğ və alternativsizlik duyğusu Avropada at oynatmasına şərait yaradırdı. İndisə ağır sanksiyalarla üzləşmiş, neftdən qazandığı vəsaitinin xeyli hissəsini də itirmiş olan Rusiya üçün hər il qazanacağı 200 milyard dollar hava-su qədər əhəmiyyətlidir. Odur ki, bu dividentləri əldə saxlamaq üçün Moskva nəyə desən, gedə bilər. Bunun ən bariz sübutu isə onun Suriyada həyata keçirdikləridir.
Ekpertlərin fikrincə, ötən ilin sonlarında Moskvanın birdən-birə İŞİD-lə mübarizə aparmaq adıyla Suriyaya müdaxiləsinin kökündə də əslində “Cənub Qaz Dəhlizi”nin qarşısını kəsmək planı var idi. Zira sözügedən layihənin hədəfi təkcə Xəzərin enerji ehtiyatının Avropaya nəqliylə məhdudlaşmır. Başlıca hədəflərdən biri də Suriyada yeni kəşf olunmuş yataqlarından hasil olunan qazın Avropaya axışını təmin etmək idi. Üstəlik, Suriya məsələsi enerji şirkətlərinin arzuladığı istiqamətdə öz həllini tapsaydı, Fars körfəzinin ən böyük qaz ehtiyatına malik Qətərin mavi yanacağı da Suriya üzərindən Avropaya axa bilərdi. Yaxın Şərqdə və Şimali Afrikada stabilliyin pozulması bu niyyətin həyata keçirilməsinin qarşısını aldı, geriyə yalnız Xəzərin enerji ehtiyatları qaldı.
Xəzər isə Rusiyaya Aralıq dənizindən daha yaxındır. Hətta bu su hövzəsini onun daxili gölü də adlandırmaq olar. Odur ki, Qərbin Azərbaycandan gözləntilərinin həyata keçirilməsi asan məsələyə oxşamır.  Baxmayaraq ki, rəsmi Bakı “Cənub Qaz Dəhlizi” çərçivəsində öz payına düşən hissəni beynəlxalq enerji şirkətlərinə sataraq, məsuliyyəti, bir növ, öz üzərindən atıb.
  • Yazılıb
  • da (də) 2016 Apr 03
  • Göndərən مدير سايت Aran News