İŞİD həqiqətən Şimali Qafqazda ona beyət etmiş yaraqlıların maliyyələşdirilməsini qaydaya salmağa başlayıb.
AranNews- Şimali Qafqazın islamçı radikalları özlərini həvəslə İŞİD-ə aid edirlər, lakin bu əlaqənin nə dərəcdə gerçək olduğu tam aydın deyil. Martın 29-da Dağıstanda naməlum şəxslər hüquq-mühafizə orqanının işçilərinin keçdiyi avtomobil yolunun kənarına qoyulmuş əldəqayırma iki bombanı işə saldı. Nəticədə bir polis həlak oldu, daha ikisi yaralandı. Sabahı gün respublikanın başqa bir rayonunda polis əməkdaşları şübhəli maşını yoxlamaq üçün dayandırmağa cəhd etdilər. Sürücü tabe olmadı, maşın irəli keçdi və partladı. Bu zaman yenə də bir polis həlak oldu, həmkarı yaralandı.
Beynəlxalq terror təşkilatı İŞİD Dağıstanda polis maşınlarının partladılmasına görə məsuliyyəti öz üzərinə götürdü. Bu, artıq İŞİD-in Şimali Qafqaz adeptlərinin teraktlara aidiyyəti olduğu ilk məlumat deyil.
İŞİD 2015-ci ilin dekabrında Dərbənd şəhərində Narınqala kompleksində baxış meydançasındakı adamların atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürdü. Federasiya Şurası Müdafiə komitəsinin sədri Viktor Ozerov o zaman güman etdi ki, İŞİD öz “nüfuz və təsirini” artırmaq üçün hadisələri öz ayağına yazır. Lakin yeni teraktlar və ardınca açıqlamalar göstərir ki, Şimali Qafqaz yaraqlıları həqiqətən də yeni bayrağın altına keçiblər. Cənub Federal universitetinin (CFU) professoru İqor Dobayev əmindir ki, Şimali Qafqazdakı teraktları İŞİD-ə biət etmiş yaraqlılar təşkil edir. O, izah edir: “Bir zamanlar “Qafqaz əmirliyi”nin əsasını qoymuş Doku Umarov 2013-cü ildə öldürüldü. “Qafqaz əmirliyi” yetərincə uzaq və birbaşa şəkildə olmasa da, “Əl-Qaidə”nin bölməsi idi. Umarovdan sonra tezliklə öldürülən daha iki başçı var idi. Sonradan “Əmirliyin” əsasında transformasiyalar baş verdi. “Əl-Qaidə” hər halda yetərincə zəif, amorf, yayğın və pulu az olduğundan “əmirliyin” bölmələri (vilayətləri) uca səslə İŞİD-in tərəfinə keçməyə başladı. “Əmirliyə” daxil olan bölmələrin, ən azı, yarıdan çoxu ucadan elan etdi ki, bu gün İŞİD-in çətiri altında işləyir. Bu yaxınlarada terakt törətmiş həmin yaraqlıların İŞİD-in adından hərəkət etdiyini inkar etmək bu mənada cəfəngiyyat olardı. İŞİD nəzarət etdiyi ərazidə iyerarxik dövlət, ərazidən kənarda isə şəbəkəli strukturdur. Şəbəkəli struktur isə özünü istədiyi kimi adlandıra bilər”.
Ekspert qeyd edir ki, Şimali Qafqaz yaraqlıları Yaxın Şərqə islamçıların tərəfində döyüşməyə getmiş rusiyalılar vasitəsilə İŞİD-lə əlaqə qurublar. İqor Dobayev bildirir: “Şimali Qafqaz yaraqlıları kənardan maliyyələşmədən artıq 2013-cü ildə dalana dirəndilər. Bu zaman İraq və Suriya ərazilərinə yayılmış İŞİD peyda oldu. Rusiyadan minlərlə ekstremist ora cumdu. Bax, bu könüllülər vasitəsilə də əlaqə yaradıldı”.Qafqazşünas diqqət yetirdi ki, “Əl-Qaidə”, İŞİD və Şimali Qafqaz vəhhabilərinin ehkamlarında ciddi ideoloji fərq yoxdur ki, bu da asanlıqla bir təşkilatdan başqasına keçməyə səbəb olur.
Şimali Qafqaz İslam araşdırmaları mərkəzinin direktoru Ruslan Gereyev vurğulayır ki, İŞİD ardıcıllarına aid edilmək Şimali Qafqaz yaraqlıları arasında özünəməxsus meyl olub: “Keçmiş “Qafqaz əmirliyi” təşkialtı təzə təşkilat İŞİD tərəfindən udulub. Onun informasiya axını çox güclü işləyir. Radikal icmaların əsasən Suriya təbliğat xətti hadisələr haqda öz informasiyasını elə rakursda təqdim edir ki, gəncliyin müəyyən qismində rəğbət oyadır”.
Ekspert qeyd edir ki, bu problem artıq aşkar şəkildə yetişib və ona qarşı çıxmaq üçün uyğun informasiya siyasəti qurulmalıdır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi əməkdaşı Əhməd Yarlıkapov güman edir ki, Şimali Qafqaz yaraqlıları artıq İŞİD-lə təklcə “brend” əlaqəsi yox, həm də maliyyə əlaqəsi qurublar. Ekspertin “Rosbalt”ın müxbirinə bildirdiyi kimi, həm də bundan danışmaq olar ki, İŞİD bu radikallara rəhbərlik edir.
Əhməd Yarlıkapov şərh edir: “Bu yaraqlıların hamısı “Əl-Qaidə”yə bağlı “Qafqaz əmirliyi”ndə olmuş və İŞİD-ə biət etmiş adamlardır. Əlbəttə, onlar bu mənada İŞİD “brendi”ndən istifadə edirlər. Lakin bu bildirmir ki, başqa cür İŞİD-lə heç cür bağlı deyillər. Xatırladıram ki, Dağıstanda terrorçuluq fəaliyyətinin fəallaşması Dərbənd qalasında adamların gülləbaran edildiyi keçən ilin dekabrında baş verdi. Lap bundan əvvəl hələ payızda məlumat gəlməyə başladı ki, İŞİD həqiqətən Şimali Qafqazda ona beyət etmiş yaraqlıların maliyyələşdirilməsini qaydaya salmağa başlayıb”.
Ekspertin fikrincə, maliyyə loxması yaraqlılara terrorçu fəaliyyəti gücləndirməyə imkan yaratdı. Əhməd Yarlıkapov diqqət yetirir: “Həm də hətta Dağıstanda artıq praktik olaraq yaddan çıxmış fəaliyyət növlərini işə saldılar: məsələn, avtomobil dəstələrinə hücumu”.
CFU-nun Sosiologiya və bölgəşünaslıq institutu bölgə araşdırmaları Mərkəzinin rəhbəri Viktor Çernous da hesab edir ki, İŞİD obrazı Şimali Qafqazda ekstremistlərin müəyyən qismi üçün olduqca cazibədar göründü. O dəqiqləşdirir: “İslam dövləti” termininin özü terrorçuların baxışınca son dərəcə uğurludur. İstənilən müsəlman üçün ideal dövlət xilafət, yəni İslam dövlətidir. Ölkəmizdə qadağan edilmiş bu qruplaşmanın gerçəkləşdirdiyi “layihə”nin, müsəlmanların baxışına görə, ideal dövlətə heç bir dəxli olmadığı tamam başqa məsələdir”.
Ekspert hesab edir ki, Suriyada döyüş əməliyyatlarına gerçəkdən qatılanlar hesaba alınmasa, Şimali Qafqaz radikallarının Yaxın Şərqdəki həmkarları ilə əlaqəsi hər halda daha çox rəmzidir. Politoloq əmindir ki, bu cür qruplaşmaların sıralarını çağdaş sivil quruluşu qəbul etməyənlər doldurur.
Çernous izah edir: “Motivləşmə yetərincə geniş ola bilər - “idelaist”lərdən tutmuş bunlarla manipulyasiya edən tamamilə korrupsiyalaşmış qruplaradək.
İŞİD-in özünün mənşəyinə gəlincə, bütün dünya üzrə sağ radikal qrupların güclənməsinə də diqqət yetirmək lazımdır. Görürük ki, “istehlak cəmiyyəti”nə qarşı etiraz kifayət qədər eybəcər, terrorçuluq formasında ifadə olunur”.
Şimali Qafqazdakı gizli ekstremist silahlı fəaliyyət nağıllarda yenidən doğulan və hər seriyada yeni görkəm alan bədheybəti xatırladır. Onu bəzən uzaq mağaralara qovmaq mümkün olur, lakin yaralarını sağaldıb yeni adla təzədən meydana çıxır. Bu gün onun adı İŞİD-dir.