Tarix : 2016 Apr 05
Kod 48403

Azərbaycanda ruhanilərin Qarabağ cəbhəsinə münasibəti

Cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan ruhaniyyəti də münasibət sərgiləyib.
AranNews- Son günlər cəbhədə baş verən hadisələrlə bağlı ölkə ruhaniyyəti də münasibət sərgiləyib.
Hacı İlham Əliyev: “Əslində şəhidlərimiz Quran məntiqinə əsasən ölməyiblər. Onlar həqiqətən diridirlər və Allah dərgahında böyük bir məqama sahibdirlər”
Hacı İlqar İbrahimoğlu: “Qarabağ – işğal altında olan Darul-İslam torpağıdır”
Hacı Əhliman Rüstəmov: “Bir vətəndaş, bir ruhani və bir keçmiş əsgər kimi kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmağa hər zaman hazıram”
Aprel ayının 2-dən başlayaraq erməni silahlı qüvvələrinin bölmələri Azərbaycanın cəbhəyanı ərazilərini intensiv atəşə tutaraq növbəti dəfə təxribat törətməyə cəhd ediblər. Düşmən qüvvələrinin ordumuzun mövqelərini iri çaplı avtomat və pulemyotlardan atəşə tutması nəticəsində ordumuzun bir neçə əsgəri qəhrəmancasına şəhid oldu. Lakin düşmən ordusu Azərbaycan silahlı qüvvələrinin layiqli cavabı ilə darmadağın edildi və təxribatın qarşısı alındı. Erməni silahlı birləşmələri qat-qat artıq itki verdi, düşmənin çox sayda texnikası məhv edildi, bir neçə strateji əhəmiyyətli yüksəklik ordumuz tərəfindən geri qaytarıldı. Bütün baş verənlər ölkə gündəmi ilə yanaşı beynəlxalq aləmin də əsas müzakirə mövzusudur. Beynəlxalq qurumlar, bir çox dünya dövlətləri ermənilərin təxribatını pisləyərək Azərbaycana dəstək nümayiş etdirirlər. Eyni zamanda ictimai-siyasi xadimlər, analitiklər, bir sözlə böyükdən-kiçiyə hər kəs cəbhədə baş verənləri diqqətlə izləyir və vəziyyəti müzakirə edir.
Son günlər cəbhədə baş verən hadisələrlə bağlı ölkə ruhaniyyəti də münasibət sərgiləyib.
İslaminSesi ilə fikirlərini bölüşən AİP-in sədr əvəzi, ilahiyyatçı-alim Hacı İlham Əliyev açıqlaması zamanı bilirdi ki, son günlər cəbhədə rəşadətli və igid əsgərlərimizin simasında baş verənlər bir daha onu göstərdi ki, işğal altındakı torpaqlarımızın azadlığı yalnız şəhidlik ruhiyyəsi və vətənpərvər övladlarımızın sayəsində mümkün olacaq:
“Baş verən itkilər hamı kimi təbii ki, bizləri də üzdü və öz növbəmizdə dünyasını dəyişən hərbçilərimizin ailələrinə və yaxınlarına Allahdan səbr arzu edirik. Əslində şəhidlərimiz Quran məntiqinə əsasən ölməyiblər. Onlar həqiqətən diridirlər və Allah dərgahında böyük bir məqama sahibdirlər. Məhz şəhidlərimizin belə böyük və şərafətli məqama nail olduqlarına görə də təbrik edirəm. Bu gün cəmiyyət və xalq olaraq mövcudluğumuza və yaşamımıza görə vətən uğrunda canlarını fəda edən şəhidlərimizə borcluyuq. Hesab edirəm ki, tezliklə mərd və ləyaqətli övladlarımızın sayəsində işğaldan altında olan bütün torpaqlarımız azad ediləcək. “
İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz açıqlaması zamanı bildirdi ki, Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və "Qarabağ - bizim canımızdır".
İbrahimoğlu bildirdi ki, əslində dünya çapında Fələstin və Qüds dünya müsəlmanları üçün nədirsə, Azərbaycan müsəlmanı olaraq Qarabağ bizim üçün odur. Qarabağ Allahın bizə verdiyi əmanətdir və Darul-Islam torpağı olaraq, işğal altındadır.
İşğal altındakı torpaqlarımızın bizim neçənci yox, bir nömrəli məsələmiz oduğunu söyləyən DEVAMM sədri, “Qarabağ gündəlik ibadətlərimizdə və həyatımızda ən önəmli yer tutan mövzudur və daima bizim üçün önəmli olub. Dəyərli müctəhidlərimiz Qarabağla bağlı fətvaları və orada dünyasını dəyişən əsgərlərimizin şəhid hesab edilmələri mütləq formada xatırlanmalıdır” – deyə bildirdi.
İmam-camaat bunları da vurğuladı: “Biz əminik ki, Qarabağ mütləq azad ediləcək. Allahdan istəyimiz budur ki, bunun baş verməsi daha da tez olsun. Lakin bunun üçün ilk öncə xalqımız bəsirətli, ayıq və tədbirli olmalıdır. Müharibə də, bütün məsuliyyətli işlər kimi, xüsusi bir idarəetmə və ölçmə-biçmə istəyir. Sözsüz ki, dünya güclərinin burada öz maraqları var. Aydındır ki, bu məsələdə Rusiyanın yeri özünəməxsus olub və təsirini göstərib. Yəni müharibədə biz təkcə Ermənistanla üz-üzə olmamışıq. Günümüzdə həmişəki kimi, ABŞ-ın da regionda maraqları da mövcuddur. Lakin bizim üçün bu mövzuda iki qardaş ölkənin təsiri və fikirləri çox önəmlidir. Bu ölkələr – İran və Türkiyədir. Onlardan gözləntimiz çoxdur. Qarabağ məsələsində Türkiyə və İranın həm yanaşması, həm də aktiv dəstəyi indikindən qat-qat çox olmalıdır”.
İlqar İbrahimoğlunun sözlərinə görə, baş verənlərə bəsirətli və agah münasibət mütləq sərgilənməlidir: “Yalnız emosiyalarla və pafoslarla deyil, mütləq tədbirli yanaşma ilə məsələlərə yanaşsaq, mütləq nəticə əldə edəcəyik. Ədalətli sülh və müzakirələr – çox önəmlidir. Lakin böyük alimlərimizin də hər zaman buyurduqları kimi, ədalətli sülh və müzakirələrin ən keyfiyyətli halda baş tutması üçün biz mütləq müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmasaq, güclü olmasaq müzakirələrin effektivliyi olmaz. Eyni zamanda, ədalətli sülhün nail olunmasına imkanlarımız çox az olar”.
İlahiyyatçı alim Hacı Əhliman Rüstəmov isə bildirib ki, bu torpaqlar Azərbaycan xalqına məxsusdur:
“Torpaqlarımızı müdafiə etmək isə istər dini, istərsə də insani nöqteyi nəzərdən hər birimizin borcudur. Allah Qurani Kərimdə buyurur: “Kafirləri öldürün, nə qədər ki fitnə törətməyiblər”. Bizim vəzifəmizdir ki, həm təxribatın qarşısını alaraq özümüzü müdafiə edək, həm də torpaqlarımızı düşmən tapdağından təmizləyək”.
İlahiyyatçı qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı öz əsgərinin uğurlarına sevinir və fəxr edir: “Bir vətəndaş, bir ruhani və bir keçmiş əsgər kimi kimi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmağa hər zaman hazıram”.
Əhliman Rüstəmov əsgərlərimizə və gənclərimizə səslənərək onları möhkəm olmağa çağırıb: “Əsgərlərimiz heç bir şeydən qorxmurlar və bu hissi qəlblərinə yaxın buraxmasınlar. Allahı hər zaman başlarının üzərində hazır görsünlər. Haqq yolda olduqlarını dərk etsinlər və buna şübhə ilə yanaşmasınlar. Allah Qurani Kərimdə buyurur: “Nə qorxmayın, nə də qəmgin olmayın. Çünki siz Allahın yolundasız”. Şəhadət Allahın verdiyi ən ali və yüksək rütbədir. Bu zirvəyə ucalmağı Allah nəsib etsin və tezliklə qələbə xəbəri eşidək”.
  • Yazılıb
  • da (də) 2016 Apr 05
  • Göndərən مدير سايت Aran News