AranNews- France-24 tele-kanalının məlumatına görə, həftə sonundan bəri erməni separatistlər və Azərbaycan itki verməkdə davam edir.
Separastist ordu Azərbaycanın hərbi bölməsinin məhv edildiyini, Azərbaycan isə separatistlərin konmanda mərkəzinin dağıdıldığını bildirib. Azərbaycanın Müdafiə Nazirliyi hücumları dayandırdığını bildirsə də, qarşı tərəfin Azərbaycanın mövqeləri və yaşayış məntəqlərini hədəf almaqla vəziyyəti hələ də gərgin saxladığını deyir. Ermənistan hökumətinin dəstəklədiyi separatçılar Azərbaycanı təcavüzkarlıqda günahlandırır. ATƏT-in Minsk qrupunun həmsədri Fransa qrupun sabah Vyanada növbədənkənar iclas keçirəcəyini bəyan edib. Fransanın Xarici İşlər Nazirliyinin bəyanatında Ermənistan dərhal atəşin dayandırılmasına çağırılıb. (Amerikanın səsi)
Dağlıq Qarabağ münaqişəsini işıqlandıran NBC xəbər agentliyi münaqişənin tarixi barədə məlumat verməklə yanaşı, bölgədə baş verən son olayları dəyərləndirib. Agentlik bildirib ki, tərəflər biri-digərinə qarşı tanklar, raketlər, artilleriya silahları və hərbi vertolyotlardan istifadə edib. NBC Azərbaycanın 2 kəndi separatçıların nəzarətindən geri aldığını, lakin qarşı tərəfin bunu inkar etdiyini yazır.
Böyük Britaniyanın Guardian qəzeti regionda baş verənlərə dair yazır ki, Rusiya tərəfləri atəşkəsə çağırır. Rusiya prezidenti Vladimir Putin diplomatlar və ordunun hər iki tərəfə təzyiq göstərdiyini deyir. Guardian qəzeti Rusiyanın xarici işlər naziri Sergey Lavrova istinadən yazır ki, Moskava Bakı və Yerevanla təmas qurub. Tbilisi Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Sergi Kapanadze Guardian-a bildirib ki, ciddi geo-siyasi təsirə malik olan Qarabağ münaqişəsi Xəzər dənizinin qaz və neftini Avropa bazarlarına çıxaran regionda təhlükəsizliyə hədədir.
Associated Press-in bildirdiyinə görə, Azərbaycanın Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı Associated Press agentliyinə Azərbaycanın atəşkəs elan etməsinə baxmayaraq, erməni döyüşçülərinin atəşə ara vermədiyini və son 24 saat ərzində 3 əsgərin öldürüldüyünü bildirib. Associated Press Ermənistanın XİN-nin sözçüsü Artsrun Ovannisyana istinadən yazır ki, erməni qüvvələri gecə ərzində yeni bölgələri zəbt edib.
Azərbaycan Ermənistanı qüvvələrinin dinc əhalinin yaşadığı bölgələri atəşə tutmaqda ittiham edir. Azərbaycan Xarici İşlər nazirliyi xəbərdarlıq edib ki, erməni tərəfi mümkün əks-hücumlara və cavab tədbirlərinə görə məsuliyyət daşıyacaq. Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, onun ölkəsi Dağlıq Qarabağı rəsmən tanımaqla əlaqələri rəsmiləşdirə bilər. O, eyni zamanda döyüşlərin iri-miqyaslı müharibəyə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Rəsmi Moskva regionda davam edən döyüşlərdən ciddi şəkildə narahat olduğunu bildirib. Prezident Vladimjir Putinin sözçüsü Dmitri Peskov Rusiyanın atəşkəsə nail olmaq üçün əlindən gələni edəcəyini bəyan edib.
Bu arada, Azərbaycanın Londondakı səfiri Tahiq Tağızadə Guardian qəzetinə açıq məktub ünvanlayıb. Məktubda Ermənistanın Azərbaycanın mədəni irsini məhv etdiyindən yazıb. Səfir müzeylərin talan edildiyini, tarixi abidələrin dağıdıldığını, mədəni və dini landşaftın dəyişdirilməsi ilə bölgədə Azərbaycanın izlərinin silindiyini yazır.