Bakıda keçirilən görüşdə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər.
AranNews- Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun aprelin 7-də Bakıda keçirilən görüşündə tərəflər XİN rəhbərlərinin üçtərəfli görüşünün dialoq və ölkələrin regional, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsində əhəmiyyətini bir daha qeyd ediblər.
bu barədə nazirlərin Bakı görüşünün yekunlarına dair mətbuat açıqlamasında deyilir.
Açıqlamada bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər.
Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümum qəbul olunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq ediblər. Bu kontekstdə onlar həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğulayıblar.
Tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər.
Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahəsində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəliblər.
Xarici işlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyini vurğulayıblar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər.
Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub-saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzimli olduqlarını təsdiq ediblər. Tərəflər Xəzər dənizin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.
Tərəflər etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər.
Tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər.
Tərəflər öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanması barədə razılaşıblar.