AranNews- bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
E. Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla ciddi iş apardıqlarını söyləyib: “Lavrovun keçən ilin ortasında irəli sürdüyü təkliflər üzərində işləyirik. Kimsə buna dondurulmuş münaqişə deyir. Amma bu, tez həllini tapmalı olan münaqişədir. Çünki insan itkisinə səbəb olur. Sülh yolu ilə həll çox vacibdir. Biz bu çərçivədə həlli dəstəkləyirik. Münaqişənin davam etdirilməsi qəbuledilməz haldır. Münaqişənin dondurulması insanlarda illüziya yarada bilər. Hamı bilməlidir ki, işğalçı hərbi qüvvələr torpaqlardan çıxarılmalıdır. Müharibə elə bir şeydir ki, hər iki tərəfə ziyan verir. Ermənistan silahlı qüvvələri torpaqlarımızı tərk etməlidir. Sonra digər məsələlər, monitorinqin aparılması, təhlükəsizlik məsələləri nəzərdən keçirilməlidir”.
“Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar beynəlxalq hüquq və BMT prinsiplərinə əsasən aparılmalıdır”. Bunu Bakıda səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Ermənistan xarici işlər naziri ilə danışdığını deyən M. Zərif qeyd edib ki, atəşkəş rejimi Qarabağ münaqişəsi siyasi yolla həll olunanadək qüvvədə olmalıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşündən sonrakı mətbuat konfransında deyib ki, razılaşmanın bütün komponentləri masa üzrərindədir. Dünən Bakıda apardığım görüşlər və sabah Ermənistandakı görüşlərimiz də bizim səylərimizin göstəricisidir.
S. Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində qərb ölkələrinə nisbətən daha çox maraqlıdır.
"Regionun tranzit strukturu pozulub. İtkilər baş verir. Hər gün snayperlər cəbhənin o biri tərəfindəki snayperlə üz-üzə dayanır. Bu hadisələrin baş verməməsi üçün tədbirlər görülməlidir. Siyasi həll üçün səylər vacibdir".