Qlobal islamofobik sürəc Azərbaycanda məmurların bəzisini öz orbitinə elə cəlb edib ki, artıq mübarək adların uşaqlara qoyulmasını məhdudlaşdırmaq cəhdlərinə qədər gətirib çıxarıb.
AranNews- Son dövrdə uşaqlara ad qoyulması ətrafında ölkədə tam anlaşılmayan bir proses gedir. Bununla əlaqədar DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) bəyanatla çıxış etmişdir.
Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Artıq bir müddətdir ki, ölkədə adqoyma proseduru ətrafında süni ajiotaj yaşanır. Belə ki, zaman-zaman hansısa adların çoxluğundan, hansısa adların yabançılığından ara-sıra danışan məmurlar, nəticədə həmişəki adətləri üzrə, qadağanedici normaların tətbiqinə üstünlük verməyə meyilli görünürlər.
Məlum olduğu kimi, uşağa adın qoyulması – valideynin konstitusion hüququdur. Bu hüquq, valideynin dünyagörüşünü, baxışlarını, əqidəsini özündə ehtiva etməklə, BMT İnsan Haqları Ümumi Konvensiyasında, İnsan Haqlarının və Əsas Azadlıqlarının Müdafiəsi barədə Avropa Konvensiyasında birmənalı təsbit edilmiş və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində öz birmənalı əksini tapmışdır. Və qanunların, dövlətin təmin etdiyi bu hüquqa, məmur səviyyəsində heç bir inzibati müdaxilə ola bilməz.
Təəssüf ki, adqoyma ətrafında bu proses başlayanda, məmurlar özlərini uşaqların hüququnu qoruyurmuşlar kimi pozisiya etməyə cəhd edirdilər. Belə ki, uşaqlara aşağılayıcı və təhqiramiz adların verilməsinin qarşısını almaq, habelə mənası mənfi yozula bilinəcək adların verilməsinin əngəlləmək şüarıyla başladılan proses, nəticədə dindar insanlara, uşaqlarına öz dini əqidələrindən irəli gələn adları qoymasına mane olmaqla yekunlaşdı. Sual olunur ki, 9 milyonluq millətdə nə qədər insan övladına “Sərxoş”, “Ansambl”, “Traktor”, “Kombayn” adını qoyurdu ki, bu mövzunu tənzimləmək bu qədər aktuallıq kəsb etməyə başladı?! Praktika göstərdi ki, guya “Türmə”, “Cəllad”, “İstəkan” kimi adlara görə yaranan ajiotaj, əslində adların “Əli Əkbər”, “Muhəmməd Əli” kimi yazılışını əngəlləmək mexanizmini tətbiq etmək niyyətinə xidmət etdi. Və hazırda artıq hansısa məmur qərara gəlib ki, “Mühəmməd” adını yalnız “Məhəmməd” kimi yazmaq olar. Belə getsə, daha nələri tənzimləmək istəyəcəklər?
Əlbəttə ki, uşaqlara təhqiramiz və aşağılayıcı adların qoyulması – çox xoşagəlməz haldır. Lakin bunun qarşısı inzibati metodlarla deyil, maarifləndirici, tövsiyəverici, son həddə – hüquqi addımlarla alınmalıdır. Bir də ki, hansısa adın mənfi olmasını kim və hansı meyarlara əsasən müəyyən edir? Sadəcə olaraq qadağan olunmuş adların siyahısına ötəri nəzər salmaq kifayətdir ki, orada “Salavat”, “Xeyirxah”, “Həddad”, “Əmanət”, “Gerçək”, “Haqq”, “Ehsan”, “Nuh”, “Rəğbət”, “Tərəqqi”, “Salamat”, “Təbib”, “Ustad” kimi adıların da yasaqlanmasını görək. Hansı meyarlara əsasən bu və ya digər adlar qadağan olunur? Ümumiyyətlə, adın qadağan olunması nə deməkdir?
Bu məsələnin asan və sivil həlli var. Sadəcə olaraq, uşaq hüququnun müdafiəsi ilə bağlı olan müvafiq orqan, doğum haqqında şəhadətnamə verən təşkilatdan uşağa mənfi səciyyəli ad verilməsi ilə bağlı siqnal alır. Valideynlərlə aparılan izahat və maarifləndirmə işi nəticə verməzsə, həmin orqan müvafiq iddia ilə məhkəməyə müraciət edir. Və uşağın hüququnu qoruyan məhkəmə, ona “Cəllad” və ya “Sərxoş” adının verilməsinə izn verməyən qətnamə qəbul edir. Və məhz məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, bu ad təhqiramizdir, yoxsa yox. Uşağın hüququ həqiqətən pozulur, yoxsa yox. Bəli, bu yol birilərinə daha uzun görünə bilər, amma hüququ dövlət yanaşması zatən budur.
Çox təəssüf ki, qlobal islamofobik sürəc ölkə məmurların bəzisini də öz orbitinə elə cəlb edə bilib ki, artıq mübarək adların uşaqlara qoyulmasını məhdudlaşdırmaq cəhdlərinə qədər gətirib çıxarıb. DEVAMM olaraq əlaqədar qurumlara bu problemlə bağlı müraciət edir, uşaqlara valideynin istədiyi adın qoyulması ilə bağlı konstitusion hüquqlarının təmin edilməsi üçün çağırış edirik”.