Ərdəbilin imam cüməsi: Azərbaycanın ərazi bütövlüyünü, bu ölkə ərazilərinin geri qaytarılmasını müdafiə etməyi özümüzə borc bilirik.
AranNews- Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində Qarabağ məntəqəsində yaşanan son toqquşmalara işarə edərək, deyib: Bu hadisədə Azərbaycan xalqının kədərini bölüşürük və Azərbaycanın ərazi bütövlüyünü, bu ölkə ərazilərinin geri qaytarılmasını müdafiə etməyi özümüzə borc bilirik.
Vəli Fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi əlavə edib: Məzlumu himayə etmək İslam İnqilabının hədəf və məqsədlərinin başlıca prinsipidir. Bu məzlumun Fələstində, Yəməndə, İraqda, Suriyada, Qarabağda, Nardaranda, Bəhreyndə və ya hər hansı başqa bir yerdə olmasının əhəmiyyəti yoxdur.
Ərdəbilin imam cüməsi həmçinin deyib: Qənaətimizə görə, Qarabağın Azərbaycana qaytarılması ilə yanaşı, məntəqənin sərhədləri və məntəqə əhalisinin tərkibi Stalin tərəfindən xalqlar arasında ixtilafların törədilməsi məqsədi ilə dəyişdirilməsindən daha öncəki dövrə qaytarılmalıdır. Bu günkü toqquşmaların kökü Stalinin həmin mənfur hərəkətinə uzanır. Azərbaycan bu məsələdə öz dostunu və düşmənini, xalqa və ərazi bütövlüyünə xidmət və ya xəyanət edənləri tanımalıdır.
Ərdəbilin imam cüməsi həmçinin deyib: ABŞ hökuməti regionda özünə baza düzəltməyə çalışır. İranın qonşuluğunda yerləşən Qarabağdan daha yaxşı yer ola bilərmi? Qarabağ regionda öz şeytani məqsədlərini gerçəkləşdirməsi üçün ABŞ-ın arxa bağçasına çevrilib. Azərbaycanın “Əsrin müqaviləsi” adlı iri neft layihəsini Amerikaya verməsinə və Amerikanın Minsk Qrupunda ən çox sədrliyə malik olmasına baxmayaraq, ABŞ Azərbaycan üçün heç bir iş görməyib.
Ayətullah Seyid Həsən Amili həmçinin deyib: İsrail, Avropa Birliyi, BMT-nin Təhlükəsizlik Şurası və NATO Qarabağ münaqişəsində digər xainlərdir.