Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, Dağlıq Qarabağda son hərbi əməliyyatlara baxmayaraq Moskva hər iki tərəfə silah satışını davam etdirəcək.
AranNews- "Reuters" agentliyi bildirir ki, Dmitri Medvedev həm Ermənistan, həm də Azərbaycana səfər etməklə Moskvanın münaqişənin çözümündəki aparıcı rolunu nümayiş etdirib.
Bununla yanaşı, Rusiya istər Ermənistan, istərsə də Azərbaycanın əsas silah təchizatçısıdır.
Onun belə mövqeyi tez-tez həm Yerevan, həm də Bakı tərəfindən tənqid olunur.
Lakin Rusiya baş naziri şənbə günü Rusiya televiziyasının Vesti proqramına deyib ki, Moskva bu regiona silah satışını dayandırsa, onun yerini başqa silah istehsalçıları tutacaq.
“Onlar silahları başqa ölkələrdən almağa başlayacaqlar və bu silahların öldürücü gücü heç də daha az olmayacaq” – deyib Medvedev.
Rusiya baş nazirinin fikrincə “başqa silah satan ölkələrin” regiona müdaxiləsi xoşagəlməz nəticələr verə bilər.
Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var.