Natiq Cəfərli: “Buna razı olsaq, Qarabağı birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə də torpaqlarımızı ala bilməyəcəyik”.
AranNews- Dağlıq Qarabağda yaşanan qarşdurmalardan sonra atəşkəs əldə olunduğu bildirilsə də, gərginlik hələ də davam edir. Atəşksədən sonrakı günlər isə Rusiya rəsmilərinin Azərbaycana intensive səfərləri ilə müşahidə olunur.
REAL Hərəkatının icra katibi Natiq Cəfərli hesab edir ki, Rusiyanın münaqişənin həllində istəyi belədir:
“Rusiya istəyir ki, 5 rayonu Azərbaycana qaytarsın, Qarabağı birdəfəlik ermənilərə versin, Laçın və Kəlbəcər gələcək danışıqlar predmeti olsun (Laçın koridoru danışıqlar predmeti belə olmayacaq), öz qoşunlarını Qarabağda rəsmi şəkildə “sülhməramlı” adı altında yerləşdirsin, bölgənin nəzarətini tam ələ keçirsin – bununla da, həm öz, həm də vassalı olan Ermənistanın maraqlarını təmin edir və bizdə də indiki hakimiyyəti “qalib” kimi cəmiyyətə sırıyaraq, uzun illər taxtda qalmasını saxlayır. Paralel olaraq Azərbaycan Avrasiya və Gömrük İttifaqına və Putin “NATO”-suna üvz olur. Buna razı olacayıqmı, olmalıyıqmı? Qarabağın birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə belə torpaqlarımızı ala bilməyəcəyik, Kremlin Abxaziyada, Osetiyada qurduğu sxemə bənzər “oyun qaydalarını” poza bilməyəcəyik. Bunu anlamalıyıq, ölkəmiz üçün çox təhlükəli, müstəqilliyimizin belə itirilməsi ilə nəticələnə biləcək proseslər gedir. Ayıq olaq, məsuliyyətli dövrdür, gələcək nəsillərin lənətini qazanmamaq üçün doğru olanı etməliyik…” – deyə N.Cəfərli qeyd edir.