Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri, Vətənin azadlığı yolunda qurban vermiş valideynlərin dərdinə şərik çıxmaqla, onlara səbr və dözüm arzulayıb.
AranNews- “Bütün zamanlarda xarici siyasət sahəsində qazanılan nailiyyətlərin dövlətin iqtisadi-hərbi qüdrəti, xalqın vətənpərvərlik ruhu və döyüş hazırlığı ilə birbaşa bağlılığı təkzibedilməz dəlillərdəndir. Diplomatiya o vaxt lazımi səmərə verir ki, vətənin hər qarışı uğrunda canından keçməyə hazır mütəşəkkil ordu var. Əks təqdirdə, qarşı tərəf dialoq masası arxasında özünü ən yaxşı halda saymazyana aparacaq, sülh danışıqları illərlə uzanacaq. Necə ki, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində biz oxşar səhnələrin şahidi olurduq.”
bu sözləri Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli təmas xəttində beşgünlük müharibəni şərh edərkən söyləyib.
Təşkilat rəhbəri bildirib ki, əslində hadisələrin belə cərəyanı gözlənilən idi və hər iki ölkə silahlı qüvvələri Baş Qərargah rəislərinin imzası ilə Moskvada qüvvəyə minən atəşkəs sazişi çox kövrəkdir:
“İşğaldakı Dağlıq Qarabağ və ətraf 7 rayon əzəli-əbədi Azərbaycan torpaqlarıdır; həmin yaşayış məntəqələrindəki yüz minlərlə əhali erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından düdərgin düşərək öz vətənlərində qaçqın, köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalıblar. Azərbaycanlıların Ermənistandakı tarixi məskənlərindən vəhşicəsinə qovulmalarından 30 ilə yaxın, cəbhədə atəşkəs rejiminin tətbiqindən 22 il ötür. Bu müddət ərzində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə, müxtəlif səviyyələrdə həyata keçirilən danışıqların zərrə qədər də müsbət nəticə verməməsi hələ ilk günlərdən sözügedən formatda dialoqun əhəmiyyətsizliyi barədə dediklərimizin təsdiqidir. BMT ildə bir dəfə baş tutan səsvermədə ölkəmizin ərazi bütövlüyünü dəstəkləməyən, başımızın üstündən separatçı “DQR”-ə yardım göstərən, ən güclü erməni lobbisini qucağında bəsləyən, işğalçıya öz forpostu statusunda yanaşan dövlətlərin məhz ərazi bütövlüyümüzlə bağlı məsələni həll edəcəklərinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil. Və lap başlanğıcdan mütərəqqi fikirli siyasətçilər tərəfindən irəli sürülən bədbin proqnozlar doğruldu. Aydınlaşdı ki, Qarabağ qığılcımlarını söndürməli olan qüvvələr tam əksinə, onun alovlanmasında maraqlıdır. Nəticədə isə tez-tez dəyişilən, hər yenisi də “işin mahiyyətini öyrənirəm” deyə baş qatan “üç müşketyor”un turist səfərlərinə və boş-boş danışıqlarına əsrin dörddə biri qədər vaxt getdi”.
Aprelin 1-dən start götürən yaz hərbi kampaniyası - ordumuzun qəti hücumla düşməni geri oturtmasının əsl qəhrəmanlıq nümunəsi olmaqla yanaşı, həm də bıçağın sümüyə dirənişi zəminində səbr kasamızın daşmasını təsdiqlədiyini vurğulayan R.Əhmədli, acınacaqlı mənzərənin ədalətdən dəm vuran dünyanın gözü qarşısında baş verməsindən təəssüfləndiyini də dilə gətirib və müvafiq beynəlxalq qurumların lazımi nəticə çıxaracağına əminliyini ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin qorxaq, xain, dikbaş düşmənin burnunu ovmasını, rəşadət göstərərək “Lələtəpə”, “Odundağ”, “Seysulan” kimi strateji yüksəklikləri geri almasını, adıçəkilən mövqelərdə möhkəmlənməsini alqışlayan politoloq, itkilərimiz acı, yaralarımız unudulmaz olsa belə, hücumu davam etdirməyi zamanın diqtəsi, tarixi zərurət sayır: “Əvvəlki fikrimə qayıdıram, itirilən vaxt ucbatından bu ağır yükü övladlarımızın çiyninə yüklədik, amma gərək nəvələrimizə miras qoymayaq. O torpaqlar səbirsizliklə yolumuzu gözləyir, inşaallah tezliklə Şuşaya, Laçına, Cəbrayıla qayıdacağıq, bayrağımız Xankəndidə dalğalanacaq. Amma arzularımızdakı zəfər yolunun döyüşlə, mübarizə ilə, şəhidliklə müşayiəti mütləqdir. 25 ildir sülh, dialoq çağırışlarıyla dünyaya car çəkirik. Azğın ermənilərsə səbrimizi yoxlayır, güzəşt mövqeyindən sui-istifadə edir, humanist simamızda qorxulu bir kabus formalaşdırmağa çalışırlar. Ona görə də gec-tez müharibə qaçılmazdır və biz bundan çəkinmirik də. Çünki İslamın əziz Peyğəmbərinin “Vətəni sevmək imandandır” tövsiyəsinin nurunda İmam Hüseynin (ə) şəhadət məktəbindən güc alaraq qalxacağımız savaş Haqq savaşıdır. ”
Hacı Rövşən, oğullarını Vətənin azadlığı yolunda qurban vermiş valideynlərin dərdinə şərik çıxmaqla, onlara səbr və dözüm arzulayıb. İlahi dərgahda qübtə edilməli məqama sahib olduqlarını xatırladaraq şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.