Krımın Azərbaycan icmasının sədri Türkiyəyə casusluq etməsi ilə bağlı iddialara münasibət bildirib.
AranNews- Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətovun Ukraynanın daxili maraqlarına zidd olmaqla Türkiyənin maraqlarını qorumaq üçün Mustafa Cəmilovla iş birliyindən şübhələnir.
Bu sənədlərə görə, Ukrayna xüsusi xidmət orqanının əməkdaşları uzun müddət Krım tatarlarının lideri, Məclisin sədri Mustafa Cəmilovun Krımdakı fəaliyyətini izləyib və belə qənaətə gəlinib ki, o, “Türkiyə kəşfiyyatına işləyir” və milli təhlükəsizlik üçün “təhlükə” daşıyıcısıdır.
Gizli məlumatlara əsasən, təhlükəsizlik xidməti M.Cəmilovla bağlı istintaq təşkilinə əsası olduğuna qərar verib. Belə ki, UTX Məclis sədri və Krımın Azərbaycan icmasının lideri Rəhim Hümbətovun 2013-cü ildə Krım Muxtar Respublikasının Ali Radasında 1915-ci ildə Türkiyədə baş verdiyi iddia olunan qondarma “erməni soyqırı”mını tanımaqla bağlı qanun layihəsinə qarşı çıxmasından və onların 1944-cü ildə yaşanmış Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanınmasına çalışmasından narahat olub.
Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətov isə öz növbəsində bütün ittihamları rədd edib. İcma sədri açıqlamasında UTX-nin adından yayılmış sənədlərin həqiqi olub-olmadığını bilmədiyini vurğulayıb.
R.Hümbətovun sözlərinə görə, o, həm də UTX-yə məsələylə bağlı sorğu göndərib: “Onların cavabından sonra bu sənədlərin həqiqi olub-olmadığı məlum olacaq. Ancaq bu sənədləri oxuyanda bilmədim gülüm, yoxsa ağlayım. Çünki sənədlər çox savadsız şəkildə yazılmışdı. Bu sənədlər həqiqətən UTX əməkdaşları tərəfindən tərtib olunubsa, təşkilatda belə işçilərin olmasına görə təəssüflənirəm”.
Azərbaycan diasporunun rəhbəri əlavə edib ki, bu sənədlərin nəticəsi əsassızdır. R.Hümbətov bunun ona qarşı təxribat ola biləcəyini də istisna etməyib.