Cəbhədəki son əməliyyatlarda Azərbaycan Ordusunun bir neçə vacib yüksəkliyi ələ keçirərək böyük üstünlük qazanması erməniləri hiddətləndirib.
AranNews- Erməni politoloqlar bu yöndə verdikləri açıqlamalarda məğlubiyyətin günahını Rusiyada görürlər.
Erməni politoloqlar illərdir işğal altında saxladıqları Qarabağın təhlükəsizliyinin qarantı kimi baxdıqları Rusiyaya qarşı təhqirlər yağdırmağa ara vermirlər.
Erməni siyasilər Rusiyanı son hərbi əməliyyatlarda Ermənistanı dəstəkləməməkdə suçlayırlar.
“Çox təəssüf edirəm ki, Rusiya Minsk Qrupunun həmsədri kimi Azərbaycanın qarşısını ala bilmir”, – bunu Ermənistan parlamentinin “İrs” fraksiyasından olan deputatı Tevan Poqosyan deyib.
“Hətta Rusiyanın yuxarı hakimiyyəti belə anlamır ki, onların strateji müttəfiqi Ermənistandır, Azərbaycan yox və bu ölkələr arasında fərq qoyulmalıdır. Doğrudan da Rusiya bilmir ki, onun müttəfiqi kimdir və o, münaqişəni necə həll etməlidir?” – erməni deputat deyib.
“Maarifləndirilmiş vətəndaşlar ittifaqı” birliyinin koordinatoru Daniel İoannisyan təmas xəttində baş verən son hadisələr zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanı deyil, məhz Azərbaycanı müdafiə etdiyini bildirib.
İoannisyan Avrasiya İqtisadi Birliyinin növbəti konfransının Ermənistanda deyil, yerinin dəyişdirilərək Moskvada keçirilməsinin yolverilməz və bunun İrəvana qarşı təhqir olduğunu deyib.
“Əgər Ermənistan münaqişə tərəfidirsə, onda bu ölkələr İrəvana hərbi qüvvə ilə dəstək verməlidir. Yox, əgər Ermənistan münaqişə tərəfi deyilsə, onda niyə bu sammit Ermənistanda keçirilməsin? Bu onu göstərir ki, bizim KTMT-dəki tərəfdaşlarımız bizə həm hərbi, həm də siyasi dəstək vermək niyyətində deyillər”, – İoannisyan deyib.
O hesab edir ki, Ermənistanın baş naziri Ovik Abramyan Moskvaya səfərindən imtina etməlidir:
“Əgər Qazaxıstanın baş naziri deyirsə ki, mən İrəvana getməyəcəm, Moskvaya gedək, bundan sonra bizim Moskvaya getməyimiz təhqirdir”.
Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Meqrabyan isə Rusiyanın ünvanına təhqiramiz ifadələr işlədib:
“Kreml qadir olduğu ən alçaq oyununu oynayır. Rusların qarşısında şərt qoymaq lazımdır ki, Azərbaycanı silahlandırmasın. Cənab ruslar, əks təqdirdə bizim müttəfiqlik münasibətlərimiz sual altında qalacaq”.
Qeyd edək ki, erməni siyasilərin və fəalların Rusiyanın təhqirinə yönəlik bu tip açıqlamalarına ötən gün “EADaily” İnformasiya Agentliyinin baş direktoru İrina Fedina cavab verib. O, ermənilərin bu addımlarını həyasızlıq adlandırıb:
“Əlbəttə ki, mən bütün bunlardan şokdayam. Burada biznes qurmaq, Rusiya vətəndaşlığı almaq, Rusiyadan preferensiyalar (güzəştlər – red.) tələb etmək və bunun müqabilində Qərblə fəal oyunlar oynamaq – məncə, bu, lap ermənicədir”.
İrina Fedina ermənilərin ruslardan onların yerinə döyüşməyi tələb etməsinə də irad tutub:
“Yəni ermənilərdə belə bir mövqe var – bizim yerimizə müharibəni udun, Qarabağı bizə verin, Azərbaycanla əlaqələrinizi kəsin, investisiyalar yatırın, vətəndaşlıq almaq prosedurlarını daha da yüngülləşdirin və s. və i. Lakin bizimlə kiçik partnyorlarınız kimi davranmayın, bizimlə bərabər miqyasda danışın, daxili siyasətimizə və işlərimizə qarışmayın”.