Qafqaz Müsəlmanları İdarəsinin katolikoslar Aram və Qaragenin işğal olunmuş ərazilərimizə səfər planına reaksiya yoxdur.
AranNews- Qarabağdakı son hadisələrdən sonra ağır duruma düşən, döyüşlərdə itkilər verməklə yanaşı, Rusiyanın da qəzəbinə tuş gələn Ermənistan prezidenti Serj Sərkisyan çıxılmaz durumla üzləşib. Hakimiyyətinə təhlükə yarandığını görəndən sonra erməni müxalifətinin lideri, eks-prezident Levon Ter-Petrosyanın evinə gedib ondan məsləhət alan Sərkisyan indi də erməni kilsəsi ilə danışıqlara başlayıb.
S.Sərkisyan katolikos I Aram və bütün ermənilərin katolikosu II Qaregini qəbul edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, görüşdə Qarabağ ətrafındakı vəziyyət, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durum müzakirə olunub. Müzakirələrdə dövlət-kilsə münasibətlərindən də danışılıb, birgə mövqedən çıxış edilməsi barədə razılıq əldə olunub. Görüşün təşəbbüskarının kim olduğu açıqlanmır. O da xəbər verilir ki, katolikosların Dağlıq Qarabağa qarşıdakı səfəri də müzakirə mövzusu olub. Hələlik Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin katolikoslar Aram və Qaragenin işğal olunmuş ərazilərimizə səfər planına reaksiya yoxdur.