Politoloq Zərdüşt Əlizadə: İranda böyük layihələri həyata keçirtmək üçün münbit şərait var.
AranNews- Bu gün Qərb-İran münasibətləri sürətlə inkişaf edir. Bu da İranın yaxın gələcəkdə ciddi şəkildə inkişaf etmiş bir ölkə kimi formalaşmasında mühüm bir rol oynaya bilər. Qərbin bir çox rəsmiləri İrana tez-tez səfərlər edirlər. İri-iri şirkətlər İranla əməkdaşlıq etmək üçün mütəmadi səfərlər edir, müqavilələr imzalayırlar. Aprelin 16-da Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini İrana rəsmi səfər edib. Tehranda səfərdə olan Moqerini İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat toplantısında belә bir açıqlama verib: "Raket sınaqlarının Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) regionda təhlükəsizlik əməkdaşlıqları üçün müxtəlif yollar yaradacaq. İran və Avropa Birliyi KOEP-də götürdükləri bütün öhdəliklərini yerinə yetiriblər və KOEP bölgəhdәki xalqların mənfəətlərini təmin edir".
Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Qərb-İran münasibətlərinin inkişafı region üçün yeni fürsətlər yaradır: “Bu gün dünyada qəbul edilən reallıq budur ki, bazarların hamısı tutulub. Böyük şirkətlər yeni bazar axtarışındadır. Bu baxımdan İran bu cür bazar axtarışında olan şirkətlər üçün çox əlverişlidir. Həm əhalisi çoxdur, həm ərazisi böyükdür, həm də pulu var. İranda böyük layihələri həyata keçirtmək üçün münbit şərait var.
Bir müdddət öncə İran prezidenti Avropaya geniş bir səfər etdi. Səfəri çərçivəsində Fransaya, İtaliyaya səfərlər etdi vә hәmin ölkәlәrdә milyardlarla dollar həcmində ölçülən müqavilələr imzaladı. Bu hələ ki, proseslərin əvvəlidir. Bu həcmdə olan müqavilələrdən qat-qat iri müqavilələr irəlidədir. İranın ərazisinin böyük və əhalisinin çox olması ona böyük qüdrət verir ki, böyük enerji layihələrini həyata keçirtsin. Bu baxımdan İranla işləmək istəyən bir sıra şirkətlər bu ölkə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.
Təbii ki, Azərbaycan da bu proseslərdən öz müsbət payını ala bilər. Azərbaycana vaxtı ilə böyük həcmdə neft pulları gəlirdi. O zaman bu mövzular hökumət üçün o qədər maraq kəsb etmirdi. İndi Azərbaycanın da pula ciddi ehtiyacı var. Bu baxımdan Azərbaycanda bu prosesə qoşulub müəyyən maraqlarını təmin edə bilər. Ən azı Şimal-Cənub yolunu birləşdirən tranzit ölkə kimi xidmətlərini təklif edə bilər”.