Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 4323 əcnəbi tələbə təhsil alır.
AranNews- Bunu Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunun müdiri Nicat Musayev deyib.
O, bildirib ki, əcnəbi tələbələrin ölkənin ali məktəblərinə cəlb olunması və onların sayının artırılması üçün yeni mexanizm tətbiq edilir. Onun sözlərinə görə, ali məktəblər Boloniya sisteminə qoşulduqdan sonra muxtariyyət əldə ediblər:
"Təhsil Nazirliyi ali məktəblərə təkliflər verib ki, daha aktiv dünya təhsil sərgilərində iştirak etsinlər, yataqxana problemləri həll edilsin və sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərsinlər.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının icrası başa çatdığından yeni proqram layihəsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılır. Hökumət mövcud proqramın nəticələrini təhlil edib. Yeni proqramda əlavə prioritetləri əhatə etmək üçün 1 illik fasilə verilib. Yeni proqramda iki istiqamət nəzərdə tutulub. Bunlardan biri xaricdə təhsil – magistr və doktorantura prioritet götürüləcək. Digərisi isə əcnəbi professorların yerli ali təhsil müəssisələrinə cəlb edilməsidir".