Tarix : 2016 Apr 17
Kod 48536

şəhidlərə sahib çıxmaq Azərbaycan dövlətinin borcudur

Gültəkin Hacıbəyli: torpaqlarımızın azad edilməsi uğrunda canını vermiş, sağlamlığını itirmiş vətəndaşlara münasibəti köklü dəyişilməlidir.
AranNews- Aprel ayında baş verən bir neçə günlük döyüşlәr bir sıra mövzuları daha qabarıq şəkildə gündəmə gətirdi. Bunlardan biri də şəhid ailələrinə olan münasibətdir. Bu gün şəhid ailələri yada salınır, onlara müəyyən güzəştlər edilir, problemləri ilə maraqlanılır. Amma təbii ki, bu sistemli və daha köklü olmasa bir müddət sonra digər şəhid ailələri kimi bunlar da özbaşına buraxılacaq. Bu baxımdan, ekspertlər hesab edir ki, bu istiqamətdə ciddi qərarlar qəbul edilməli və ciddi addımlar atılmalıdır. Hökumət şəhidləri ilə bağlı köklü sərəncamlar imzalamalıdır. Əks halda şəhidlərə olan biganə münasibət gələcəkdə ölkə əhalisinin ruhiyyəsinə neqativ təsir göstərəcək.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qeyd edib ki, torpaqlarımızın azad edilməsi uğrunda canını vermiş, sağlamlığını itirmiş vətəndaşlara münasibəti köklü dəyişilməlidir: “Təəssüflər olsun ki, bu gün Azərbaycanın siyasi hakimiyyəti tərəfindən milli qüvvələrə qarşı, vətəni uğrunda canından keçmiş və şəhid olmağa hər an hazır olan qüvvələrə qarşı ögey münasibət görürük. Bu gün Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə səs vermiş insanlar ən yüksək vəzifələrdə əyləşdiyi bir halda, şəhid ailələri maddi sıxıntılarla üz-üzədir. Bu vəziyyət kökündən dəyişməlidir. Bu isə siyasi iradəyə bağlı olan məsələdir.
Vətəninə bağlı olan siyasi hakimiyyət təbii ki, şəhid övladlarına, şəhid ailələrinə qarşı bu qədər biganəliyə yol verməməlidir. Şəhidlərlə bağlı atılan son adımlar daha çox rekalm xarakteri daşıyır. Şəhid ailələrinin kommunal xərclərinin bağşlanması və ya hər hansısa bir xırda güzşətlərdən danışlır. Şəhid canını vətən uğrunda fəda edərkən heç bir təmənna güdməyib. Bu baxımdan onlara qarşı edilən cüzi güzəştləri də bu qədər bayağı şəkildə reklam etmək olmaz.
Azərbaycan dövlətinin borcudur ki, öz şəhidinə sahib çıxsın, bunu reklam etmək mənəviyyatsızlıqdır. Heç bir reklam olmadan dövlət ciddi şəkildə şəhid ailələrinin problemləri ilə məşğul olmalıdır. Bu istiqamətdə yüksək dərəcəli müavinət təyin edilməlidir. Şəhid balaları bu ölkədə özlərini ən təminatlı təbəqə kimi hiss etməlidirlər. Buna nail olmasaq işğal altında olan torpaqlarımızın azadllığına da nail ola bilmərik".
  • Yazılıb
  • da (də) 2016 Apr 17
  • Göndərən مدير سايت Aran News