Ərəstun Oruclu: “Hökumət xaricə təhsil almağa gedən gənclərin siyasi baxışlarının, dünyagörüşünün dəyişməsindən ehtiyat edir”.
AranNews- Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramının dayandırılması cəmiyyətdə birmənalı qəbul olunmadı. Demək olar ki, əksəriyyət təhsil nazirinin bu açıqlamasını təəssüf hissi ilə qarşıladı.
Qeyd edək ki, söhbət bütövlükdə tələbələrin deyil, sadəcə, bakalavr təhsili alanların xaricdə təhsil proqramının dayandırılmasından gedir. Yeni hazırlanacaq proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək. Eyni zamanda dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq. Cəmiyyəti isə bir neçə sual narahat edir.
Bakalavrların xaricdə təhsil almasının dayandırılması nədən irəli gəlir? Səbəb təhsil almaq üçün gedən tələbələrin getdikləri ölkədən qayıtmaq istəməməsidir, yoxsa ölkəmizdə yaşanan iqtisadi böhran və dövlətin gəlirlərinin azaldılması ilə bağlıdır? Yoxsa hökumət xaricdə oxuyan tələbələrin dünyagörüşlərinin və siyasi baxışların dəyişməsindən, onların daha çox azadlıq və demokratiya tələb etməsindən ehtiyatlanır?
Qeyd edək ki, sonuncu sual da məhz ən çox müzakirə olunan səbəblərdən biridir.
“açıqlamasında xaricdə təhsil proqramının dayandırılmasını şərh edən politoloq Ərəstun Oruclu məhz sonuncu səbəbi, xaricə gedən tələbələrin siyasi baxışlarının dəyişməsi məsələsini önəmli hesab edir: “Birincisi, bu iqtisadi səbəblər inandırıcı deyil. Azərbaycanda dövlət büdcəsində xarici təhsilə ayrılan illik vəsaitin məbləği 18 milyon manat olub. Bu, Azərbaycan büdcəsinin mində biridir. Bu çox kiçik məbləğdir və buna qənaət etməklə iqtisadi vəziyyəti stabilləşdirmək mümkün deyil. Tələbələrin təhsil aldıqdan sonra geri qayıtmaması məsələsini də mən ciddi əsas hesab etmirəm. Çünki istənilən ölkədə qalan Azərbaycan vətəndaşı ölkəsi üçün vətəndaş olaraq qalır və hər zaman vətəni üçün faydalı ola bilər. Azərbaycanda son zamanlar geri qayıtmaqla bağlı bir öhdəlik yox idi”.
Politoloqun fikrincə, hökumət xaricə təhsil almağa gedən gənclərin siyasi baxışlarının, dünyagörüşünün dəyişməsindən ehtiyat edir: “Sonuncu səbəb daha məntiqlidir. Çünki Azərbaycanda hakimiyyətin yüksək pillələrində təmsil olunan sovet düşüncəli insanlar xaricdə təhsil alan istənilən tələbəyə potensial casus və xəyanətkar kimi baxırlar. Həmin düşüncəyə görə, hətta dövlət proqramı ilə oxumuş, heç bir siyasi proseslərə qatılmayan gənclərin bir çoxu dövlət orqanlarında işə götürülmürdü, işsiz qalırdılar. Bu səbəbdən Azərbaycanı tərk eləməyə məcbur qalırdılar. Bu gün də belə hallar kifayət qədərdir. Bu qərar da köhnə sovet düşüncəsinin təntənəsidir. Sabiq təhsil naziri Misir Mərdanov da demişdi ki, xaricə gedib təhsil alan tələbələrin başını dəyişirlər.
Yəni normal cəmiyyətdə təhsil alan gənclərin gəlib Azərbaycanda bu eybəcərlikləri görməsi və buna reaksiya verməsi çox təbii haldır. Ancaq görünür, Azərbaycan hakimiyyətində bu gənclərin potensialından istifadə etmək istəyi yoxdur. Qərbin ən qatı düşməni olan İranın rəhbərliyində olan nazirlərin bir neçəsi Qərbdə təhsil almış insanlardır. Bəs onlar nə üçün düşünmürlər ki, bu insanlar Qərbin casusu ola bilər?”
Azad Müəllimlər İnstitutunun rəhbəri Məlahət Mürşüdlü göstərilən səbəbləri əsassız hesab edərək, sadəcə, mövcud proqramın vaxtının bitdiyini və yeni bir proqramın müzakirə edildiyini bildirdi: “Bu məsələ qeyd olunan səbəblərin heç biri ilə əlaqədar deyil. Bu proqram 2007-2015-ci illəri əhatə edirdi. Bu illər ərzində 3500 nəfərdən çox tələbə xaricə təhsil almağa göndərildi. İndi bu müddəti başa çatıb. Hər bir layihənin başlama və bitmə tarixi olur. Burada başqa səbəb axtarmağa ehtiyac yoxdur. Bu o demək deyil ki, tələbələrin xaricdə təhsil almaq imkanları tam əllərindən alınıb. İndi Təhsil Nazirliyi yeni təkliflər üzərində işləyir. Bu təkliflərə görə, magistrlər və doktorantlar xaricdə təhsil almağa göndəriləcəklər. Bu proqramın bitməsinin iqtisadi səbəblərlə və ya tələbələrin geri qayıtmaması ilə əlaqəsi yoxdur. Oxumağa göndərilən tələbələrin qayıtmamaq haqqı yoxdur, onlar ölkələrinə qayıdıb buradakı öhdəliklərini yerinə yetirməlidirlər. Çünki oxumağa gedərkən müqavilə imzalayırlar”.