Hərbçi-ekspert: Qarabağ səmasında uçan istənilən naməlum obyektin vurulması mümkündür.
AranNews- Ermənistan prezidenti Serj Sarkisyan qondarma Dağlıq Qarabağa səfər edib. Xankəndində onu Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb. Azərbaycan torpağı olan Qarabağa Ermənistan prezidentinin səfər etməsi birmənalı qarşılanmayıb. Bu səfər Ermənistan rejiminin separatçıları dəstəkləməsinin sübutu kimi dəyərləndirilib. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ordumuz işğal altında olsa belə torpaqlarımızı nəzarətdə saxlayır və Qarabağ səmasında uçan istənilən naməlum obyektin vurulması mümkündür.
Bəs görəsən Ermənistan prezidenti Serj Sarkisyanı Azərbaycan torpağı olan Qarabağa gətirən helikopter hərbi qüvvələr tərəfindən vurula bilərdimi? Əgər vurula bilərdisə onda hansı səbəblər bunun qarşısını alıb?
Hərbçi-ekspert Tərlan Eyvazov bildirib ki, hələ bir neçə il öncə Xankəndində hava limanı tikiləndə Sarkisyan may ayının 9-da ora uçuş edəcəyini bildirdi. Eyni zamanda ilk sərnişinin də özü olacağını açıqladı. Azərbaycan tərəfi isə öz növbəsində bəyan etdi ki, hər hansı bir təyyarə Xankəndi hava limanına uçuş etsə dərhal vurulacaq və buna bütün imkanlar çatır: “Artıq hava limanının açılışından 5-6 il keçməsinə baxmayaraq, o zaman KİV-lərə müsahibə verərək bildirdim ki, ora hər hansı sərnişin təyyarəsinin uçuş etməsi üçün beynəlxalq agentliyin xüsusi lisenziyası olmalıdır. Bu lisenziyanı isə yalnız respublika müraciət etdikdə almaq olar. Xankəndi bizim respublikanın tərkibində olduğu üçün Azərbaycan tərəfi bunu etməlidir. Azərbaycan isə bunu o zaman edəcək ki, orada bizim bayrağımız dalğalansın”.
Tərlan Eyvazovun sözlərinə görə, ayın əvvəlində baş verən silahlı qarşıdurma göstərdi ki, Azərbaycan ordusu hər cəhətdən çox güclüdür: “Tam məsuliyyətimlə deyə bilərəm ki, döyüşlər getdiyi vaxt Azərbaycan ordusu Xankəndi aeroportuna pilotsuz təyyarələr vasitəsi ilə xüsusi zərbə endirdi. Amma indi böyük dövlətlərin dəstəyi ilə atəşkəs əldə olunduğuna görə, Azərbaycan tərəfi də hər zamankı kimi dözümlülük göstərir. Eyni zamanda beynəlxalq cani olmasına baxmayaraq Sarkisyan hələ də məhkəmə qarşısında oturmadığına görə, Azərbaycan tərəfi helikopteri vurmayıb. Lakin bütün uçuş aparatlarını, təyyarə və helikopterləri vurmağa Azərbaycan tərəfinin gücü, hərbi potensialı çatır”.
Hərbçi-ekspert qeyd edib ki, Ermənistan prezidentinin Azərbaycan ərazisi olan Xankəndinə gəlməsi provakasiyadır: “Həm bununla, həm də Naxçıvan ərazisinin atəşə tutulması ilə Ermənistan tərəfi Azərbaycanı provakasiyaya çəkmək istəyir. Azərbaycan tərəfi isə dözümlülük göstərir. Lakin artıq erməni vətəndaşlarında belə bir düşüncə formalaşıb ki, Azərbaycan ordusu nəinki Qarabağın, həmçinin Ermənistanın istənilən strateji hərbi obyektlərini vurmaq imkanına malikdir. Bunu biz ayın əvvəlində gedən döyüşlər zamanı Xankəndi aeroportunu və muzdlu erməni hərbçilərini daşıyan avtobusu pilotsuz uçan təyyarə ilə vurmaqla sübuta yetirdik. Bu faktları ermənilər özləri də təsdiqlədilər”./ İslaminSesi