Xədicə İsmayılın məhkəmə prosesində iddiaçı qismində çıxış edən Tural Mustafayevin aclıq aksiyası davam edir.
AranNews- Tural Mustafayevin atası oğlunun həkimdən və yeməkdən imtina etdiyini deyir
Bu barədə T.Mustafayevin atası Bulud Mustafayev musavat.com-a açıqlamasında bildirib. O, deyib ki, oğlunun aclıq aksiyası 9-cü gündür ki, davam edir və artıq kritik həddə çatıb: “Axşam vəziyyəti pisləşib. Suyun içində, titrəyir. Dilinə bir qram da yemək vurmur. Anası da başının üsündə ağlayır. Uşaq gözümüzün qabağında əriyir. 4 gündür ki, vəziyyəti lap pisləşib. Bu qədər müraciət etmişik, amma heç bir reaksiya yoxdur. Elə bil, bunlar üçün biz adam deyilik. Oğlum artıq danışa və hərəkət edə bilmir. Amma sona kimi davam edəcək. Nə olacaqsa, qoy olsun. Vətəndaşına qiymət verilməyən belə ölkədə yaşamağın nə mənası var ki?”
Atası xatırladır ki, T.Mustafayevin aksiya keçirməsinə səbəb hazırda ölkədən çıxmasına qoyulan qadağa, eləcə də pozulan hüquqlarıdır. Onun sözlərinə görə, dəfələrlə Respublika Prokurorluğuna və Prezident Aparatına müraciət ediblər. Məqsədləri onun ölkə xaricində müalicə olunmasıdır.
B.Mustafayev xatırlatdı ki, Xədicə İsmayılın 01 sentyabr 2015-ci ildə yekunlaşan məhkəməsində intihar həddinə çatdırma ilə bağlı iddia öz təsdiqini tapmadı. Ümumilikdə isə zərərçəkənə qarşı qadağa qoyulmur: “Məhkəmə də, iş də qurtardı. Sentyabrın 8-dən etibarən onun ölkədən çıxmasına qadağa götürülməli idi, amma götürülməyib”.
Müsahibimiz dedi ki, oğlu yanına həkim gətirilməsinə də icazə vermir: “Tural deyir ki, ölməkdirsə, qoy, belə ölüm. Mən qorxuram ki, oğlum aclıq aksiyasında ölər. O, hərbi qospitalda olub. 12 barmaq bağırsağında, mədəsində xora var. 2012-ci ildən böyrəkləri də yaxşı işləmmir. 2 ildir ki, işsizdir. 8 aydır ki, get-gələ salırlar. Qoymurlar ki, ölkədən çıxsın, gedib müalicəsini alsın”.