Ermənistanın sülh prosesində güzəştə getmək ehtimalı azdır. Çünki bu, faktiki olaraq Sərkisyan üçün siyasi hakimiyyətin itirilməsi deməkdir.
AranNews- Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu açıqlama verib.
Politoloq hesab edir ki, Ermənistanın son günlər işğal etdiyi Azərbaycan torpaqlarında fəallaşması ölkədəki daxili siyasi səbəblərlə əlaqədardır:
“Çünki Sərkisyan hökuməti aprelin əvvəllərindəki itkilərdən sonra faktiki siyasi böhran vəziyyətinə düşüb. Bu siyasi böhran Ermənistan-Rusiya münasibətlərini də əhatə edir. İrəvan təklənmiş vəziyyətdə qalıb. Ona görə də indi Ermənistana müəyyən təxribatlar lazımdır. Ermənistan ya bu təxribatlarla Azərbaycanı növbəti hərbi əməliyyatlara çəkib sülh prosesinin pozulduğunu göstərməyə çalışacaq, ya da hansısa hərbi uğur əldə edib, yaranmış vəziyyəti kompensasiya etməyə cəhd edəcək. Artıq Qarabağ proseslərinin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini söyləmək çətindir. Çünki hələ ki, qarşı tərəflərin mövqeyi tam aydın deyil, özəlliklə də Rusiyanın. Ermənistanın sülh prosesində güzəştə getmək ehtimalı azdır. Bu, faktiki olaraq Sərkisyan üçün siyasi hakimiyyətin itirilməsi deməkdir”.
Ə.Oruclu Qarabağ siyasi prosesi ilə bağlı iki ehtimal irəli sürüb:
“Qarabağ məsələsi ilə bağlı beynəlxalq aləm tərəfindən təkliflər hazırlansa da, sülh prosesində hələ bir hərəkət yoxdur. Hərbi əməliyyatlar yenilənə də bilər, sülh prosesi sürətlənə də. Bu iki ehtimaldan hansının daha çox olacağını söyləmək çətindir”.