Rusiya mediasının Qarabağ məsələsində qərəzli mövqeyi davam edəcəyi təqdirdə MTRŞ həmin telekanallarla bağlı ölçü götürəcək.
AranNews- Son bir ayda cəbhədə baş verən proseslər Rusiya mediasının Qarabağ məsələsində qərəzli mövqeyini bir daha üzə çıxardı. Xüsusən tok-şou səviyyəsində, aparıcıların davranışı, Azərbaycana qarşı açıq qərəzləri azərbaycanlı tamaşaçılar üçün yenilik olmadı.
Verilişlərdə Azərbaycanın mövqeyini müdafiə edən azərbaycanlı jurnalist Fuad Abbasova qarşı birləşmələri, qərəz nümayiş etdirmələri heç kəsə sirr deyil. Hətta rus jurnalistlərin, aparıcıların qeyri-obyektiv münasibətinə qarşı təkbaşına vuruşan F.Abbasovun çalışdığı “İhlas” Xəbər Agentliyindəki işini itirməsi də bu proseslərin sonucu idi.
Amma bütün bu proseslərin fonunda Azərbaycanda Rusiyanın qərəzli kanallarının yayımına qadağa qoyulmaması da sual doğuran məqamlardandır. Bu günə qədər dünyada belə təcrübə özünü göstərib. Ukrayna ilə Rusiya arasındakı gərginlik zamanında Ukrayna ümumən ölkədə Rusiya kanallarının yayımını dayandırmış, həmin tezlikdə pornoqrafik filmlər nümayiş etdirirdi. İndiki halda isə Azərbaycanın Rusiya kanallarının tezliyinə qadağa qoyması hansısa formada mümkündürmü?
Hazırda Azərbaycanda “Azerspace-1" peyki ilə Rusiyanın ”Mir 24", “Krusel”, “TV Zvezda”, “Europa Plus TV”, STS, “TV 3 Russia”, “Pətniüa”, “Life News”, “A-One”, RU TV, “Mult”, “Moskva Doverie” və REN TV kanallarının yayımı həyata keçirilir. Azərbaycanın “Azərspace-1" peyki ilə yayımlanan TV və radio kanallarının sayı 120-dən çoxdur.
Amma tanınmış media ekspertləri bu kanalların yayımına qadağa qoyulmasını çıxış yolu hesab etmir. “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, Rusiya kanallarının yayımını dayandırmaq olar. Amma bununla onların mövcudluğuna son qoyulmayacaq.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, Rusiya kanallarının Azərbaycanda yayımına qadağa qoyulması çıxış yolu deyil. Onun fikrincə, bu, straus effektinə bənzəyir. “Mən başımı aşağı salmışam, səni görmürəm” məntiqinin müasir dünyada effekti olmadığını düşünən M.Əliyevin fikrincə, əksinə, belə verilişlərin yayımının davam etdirilməsi məsləhətdir: “Bu, hansısa formada yerli auditoriyaya təsir edir. Bu cür verilişlər vətəndaşları Rusiyadan uzaqlaşdırır və neqativ reaksiya doğurur, Rusiyaya qarşı münasibət pisləşir. Ukrayna bunu edibsə, özünün ziyanına olub. Sən bilməlisən ki, qarşındakı kimdir. Bunu bilmək üçün də gərək xəbərləri oxuyub izləyəsən”.
M.Əliyev hesab edir ki, ümumiyyətlə Rusiya mətbuatında Azərbaycan əleyhinə təbliğat aparılması ilə bağlı vahid bir komandanın verilməsi hiss olunmur: “Mütəşəkkil şəkildə siyasət yoxdur. Amerikaya qarşı aparılan hücumlar vardı, yuxarı səviyyədə dəstəklənirdi. Bu, həmişə görünür. Amma Azərbaycana qarşı belə bir xətt aparılmayıb. Ümumi əhval isə göstərir ki, Rusiya mətbuatında ermənipərəstlər çoxdur. Onlar orda çoxluq təşkil edir. Bu, onların böyük siyasəti idi”.
Müsahibimizin fikrincə, qadağa ilə heç nəyə nail olmaq mümkün deyil: “Kabel televiziyalara qadağa olsa, insanlar internet vasitəsilə baxacaq. Yeri gələndə erməni kanallarına da baxmaq lazımdır. Hər bir informasiya axınını bilmək, öyrənmək lazımdır. Onu bağlamaqla heç nəyə nail olmaq mümkün deyil. Bu, subyektiv idealizmdir: ”Görmürəm, eşitmirəm, bilmirəm nə baş verir". Belə çıxır ki, sabah BBC bizi tənqid etsə, deməliyik ki, onları izləməyək? Bu, sovet psixologiyasına bənzəyir".
Milli Teleradio Şurasında da bununla bağlı hər hansı qərar yoxdur. Milli Teleradio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Yeni Müsavat”a açıqlamasında dedi ki, artıq bu məsələ müzakirə olunub. Onun sözlərinə görə, vəziyyət belə davam edəcəyi təqdirdə MTRŞ həmin televiziyalarla bağlı ölçü götürəcək. T.Dadaşovun fikrincə, Rusiya TV-lərinin anti-Azərbaycan kampaniyası getdikcə səngiməkdədir.
“Rusiyanın bəzi televiziya kanallarındakı Azərbaycan əleyhinə aparılan təbliğat pik həddə çatarsa, daha geniş dairədə gedərsə, onunla bağlı məsləhətli şəkildə qərar vermək olar. Bu gün məsələ ilə bağlı konkret olaraq hansısa qərar mövcud deyil. Rusiya televiziyaları Azərbaycan ərazisində peyk yayımı ilə və kabel televiziyası şəbəkəsində yayımlanır. Bu məsələlərə bağlı kabel yayımçılarına müvafiq göstərişlər verilə bilər. Hazırda bununla bağlı ciddi şəkildə göstəriş və qərar yoxdur. Ona görə də bu məsələyə hələ ki digər reaksiya verilmir”.