Azərbaycanda çoxlari bilir ki, 6 ay əvvəl Eldar Mahmudov tutduğu vəzifədən azad olundu və onun ətrafında olan neçə-neçə general, çoxsaylı idarə rəisləri həbs edildi, amma…
AranNews- Ölkə KİV-lərindən məlum olduğu kimi, 2015-ci ilin oktyabrın 17-də, təxminən 6 ay əvvəl Eldar Mahmudov tutduğu vəzifədən azad olundu və onun ətrafında olan neçə-neçə general, çoxsaylı idarə rəisləri həbs edildi, amma…
Bilənlər bilir ki, MTN-də nələr baş verib. Və baş verənlərlə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb, nə az, nə çox, düz 6 aydır istintaq hərəkətləri davam etdirilir. Baş Prokurorluğun rəsmi məlumatına istinad etsək, bəlli olur ki, iş üzrə istintaqa 22 şəxs cəlb olunub, 1 nəfər axtarışdadır, 1 nəfər isə ev dustaqlığındadır. İş üzrə həbs olunmuş Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev Bakı İstintaq Təcridxanasında intihar etmişdir. Həbsdə olan MTN-çilərin siyahısı mətbuatda dərc olunduğundan bu siyahını təkrarlamaq istəməzdik. Lakin ötən yazıda qeyd etdiyimiz kimi, bu “Qara siyahı”da adı keçənlərin bir çoxu imkanlı şəxsləri istintaqa cəlb edərək onlardan qorxutma yolu ilə külli miqdarda pul almaqla ölkədə sözün əsil mənasında Sovet “obxss”i funksiyasını yerinə yetirmişlər.
Yenə də Baş Prokurorluğun məlumatlarına əsasən deyə bilərik ki, təkcə indiyədək “MTN işi” ilə bağlı 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 100-ə yaxın sahibkar-iş adamı zərərçəkmiş şəxs qismində tanınıb. Bu insanları qorxudub infarkt və müflis vəziyyətinə gətirənlərin demək olar hamısı generallardır, yüksək çinli rəislərdir. Təsəvvür edirsinizmi, generallar dövlətin və ölkənin fəxri olmalı ikən, gözdən uzaq müstəvidə hədə və qorxutma, rüşvətalma aparatına çevrilib.
Eldar Mahmudov isə, sanki əlinə dəftər-qələm alıb generalların sayını günbəgün artırırmış. Həbs edilənlərin siyahısına baxanda adam dəhşətə gəlir: hamısı orden və medallı, general rütbəlidir.
MTN-dən qovulanların isə sayı-hesabı yoxdur. Budur, Eldar Mahmudovun siyahısında Azərbaycanın 36 yaşlı general-mayoru Vüqar Allahquliyev, MTN-nin Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, generallığın bir addımlığında olmuş MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev! Onun şöbə rəisi Vüsal Əfəndiyev və başqaları.
İctimai fikirdə çaşqınlıq var: niyə ətrafı həbs edilir, bunlardan kimisi özünü asır, amma 6 aydır vəzifədən çıxarılmış Eldar Mahmudov öz kefindədir?
Bu suallar cavab istəyir. İstintaqsa davam edir. Hətta Eldar Mahmudovun və bəzi idarə rəislərinin guya yenidən hansısa yüksək posta qaytarılacağı barədə şaiyələr də dolaşır. Nə vaxta kimi? Elə bir müddət əvvəl “Yeni Müsavat”a açıqlama verən deputat Fəzail Ağamalı maraqlı fikir söyləyib: “Qətiyyən şübhə etmirəm ki, Eldar Mahmudov məhkəmənin qərarı ilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Onun nə zaman öz komandasının yanında həbsxanada oturacağı və barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi haqda məlumatsızam. Qətiyyən şübhə etmirəm ki, bütün bu olaylarda onun birbaşa günahı var, bütün bu proseslərə o rəhbərlik edib. Ola bilməz ki, hüquq-mühafizə orqanlarında illərlə işləmiş birinin başı üzərindən, ondan xəbərsiz MTN-də bu cür hərəkətlərə və qanunsuzluqlara yol verilsin. Bu qətiyyən belə ola bilməz.
Eldar Mahmudovun hərisliyi mənəviyyatsızlıq, dövlətə xəyanət, etimaddan sui-istifadə, dövlətçiliyimizə sayğısızlıq yaradıb. Bu, adamlar dövlətə xəyanət ediblər… Nazirin bundan xəbəri olmayıbsa, o, ikiqat məsuliyyət daşıyır. Yaramazları, quldurları ora yerləşdirməklə üzərində nəzarəti itirib və daha böyük cinayətə yol verib”.
Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl isə deyib ki, Eldar Mahmudovun istintaqa cəlb olunmaması istintaq orqanlarının problemi deyil: “Bu daha yüksək instansiyadan gələn göstərişdir və həbs olunub-olunmayacağı da həmin o göstərişdən asılıdır. “Niyə azadlıqdadır” sualına cavab vermək səlahiyyəti hüquq-mühafizə orqanlarına aiddir. Onlar da formal olaraq cavab verə bilərlər ki, əlimizdə kifayət qədər material yoxdur. Amma məsələ bir qədər başqadır. O, 10 ildən artıq böyük bir nazirliyə rəhbərlik edib və ən azı ətrafında baş verən cinayətlərə görə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığına görə məsuliyyətə cəlb olunmalıdır”.
Bəli, cavabı verilməli suallar hələ də qalır. Adətən, əksinin şahidi olmuşuq ki, hansısa şirkətin rəhbəri birinci həbs edilib, sonra ətrafı. İndi isə tərsinədir: ətrafı həbs edilib, amma Eldar Mahmudov sadəcə istintaq altında və evinin içindədir… Bunun isə fərqi böyükdür. Hətta o dərəcədə ki, indi Eldar Mahmudovun ətrafı nəinki onun həbsedilməzliyinə inanır və cəmiyyətə, çevrələrinə bunu sirayət edirlər, onlar cəmiyyətə belə bir məlumat da sızdırırlar ki, Eldar Mahmudov heç vaxt həbs edilməyəcək, əksinə, başqa, daha yüksək vəzifəyə gətiriləcək. Özü də tezliklə.