Tarix : 2016 Apr 28
Kod 48641

Erməni generaldan məktub: Ordumuzda ciddi problemlər mövcuddur

Ötən gün Ermənistan Prezidenti Serj Sərkisyanın istefaya göndərdiyi general, Müdafiə nazirinin müavini Alik Mirzəbekyanın vəzifədə olarkən Dördgünlük müharibə ilə bağlı hesabat xarakterli məktubu yayılıb.


AranNews- Sosial şəbəkələrdə yayılan məktub Dördgünlük müharibə zamanı ermənilərin verdiyi dəhşətli itkiləri bir daha göz önünə sərir. Alik Mirzəbekyanın Dağlıq Qarabağdakı separat rejimin “müdafiə naziri” Levon Mnatsakyana göndərdiyi məktubda Azərbaycan ordusunun erməni hərbi birləşmələrini sıradan çıxarması açıq-aşkar ifadələrlə etiraf edilir.
Ermənistan Müdafiə nazirinin müavini Mirzəbekyan məktubu aprelin 11-də Mnatsakyana göndərib.

Məktubun mətni:
“Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” general-leytenant L.Mnatsakyana
Ermənistan Respublikasının Müdafiə naziri general-polkovnik Seyran Ohanyanın əmrinə əsasən “Dağlıq Qarabağ Respublikası ordusu”nun hərbi hissələrində maddi-texniki vəziyyətin inspeksiyası aparılıb və aşağıdakı çatışmazlıqlar müəyyən edilib.
Yoxlama prosesində müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı çoxlu sayda avtomobil texnikası məhv edilib, yerdə qalanların böyük hissəsi istifadəyə yararlı vəziyyətdə deyil. Qeyri-kafi vəziyyətdə olan texnika və köhnə konstruksiyalı zirehli texnikanı bərpa etmək mümkün deyil. Bu zirehli texnikanın böyük əksəriyyəti isə tırtıllılardır.
“DQR ordusu”nun təmir-bərpa bazalarında hərbi texnikanın təmir və bərpası üçün gərəkli olan ehtiyat hissələrinin çatışmazlığı müşahidə edilir. Bunun da nəticəsində texnika istifadəyə yararsız vəziyyətdə olur. Bu çatışmazlıqlar birbaşa “DQR”in təhlükəsizliyi və müdafiəsinə təsir edir.
Həmçinin müəyyən olunub ki, döyüş fəaliyyəti zamanı bölmələrdə sursatların və yanacaq-sürtkü yağları materiallarının çatışmazlığı hiss edilib. Yuxarıda göstərilən problemlərlə yanaşı, avtomobil texnikasının olmaması ucbatından döyüş mövqeyinə hərbi sursatların çatdırılması mütəmadi həyata keçirilməyib.
Yuxarıda göstərilən çatışmazlıqlar aşkar göstərir ki, “Dağlıq Qarabağ ordusu”nun maddi-texniki sferasında ciddi problemlər mövcuddur.
“Dağlıq Qarabağ ordusu”nun təhlükəsizliyinin təminatı üçün qısa müddət ərzində texniki baxış və təmir-bərpa işləri istiqamətində yuxarıdakı çatışmazlıqların aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir.

  • Yazılıb
  • da (də) 2016 Apr 28
  • Göndərən مدير سايت Aran News