Tarix : 2016 Apr 30
Kod 48656

Ermənistanda siyasi vəziyyət də gərginləşir

Aprelin əvvəllərində cəbhədə baş vermiş məlum hadisələr Ermənistanda hakimiyyətə qarşı yeni narazılıqların baş qaldırmasına səbəb olub.
AranNews- Erməni cəmiyyəti Məhz həmin döyüşlərdən sonra daha aydın şəkildə gördü ki, Serj Sarkisyan iqtidarı onlara yalan sırımaqla məşğuldur. Belə ki, Ermənistan hakimiyyəti indiyə qədər ordunun məğlubedilməzliyindən bəhs edirdisə, bunun mif olduğu tam aydınlığı ilə üzə çıxdı.
Ermənilərə o da bəlli oldu ki, Azərbaycan ərazilərinin işğal altında saxlanılması Ermənistana, onun xalqına fəlakətdən, yoxsulluqdan başqa heç nə gətirməyəcək. Məhz bu səbəbdən erməni əhalisi övladlarının onlara məxsus olmayan torpaqlarda həlak olmalarına qarşı daha sərt etiraz edir.
Erməni analitiki İqor Muradyan da deyib ki, aprelin əvvəllərində cəbhədə baş verənlər Ermənistana alçaldıcı hərbi məğlubiyyət gətirdi: "Bu əməliyyatlar həm də onu göstərdi ki, Ermənistan hakimiyyəti zəif və qorxaqdır, xarici siyasət yürütmək iqtidarında deyil. Ermənistan alçaldıcı məğlubiyyətə uğrayıb və xaricilər bizim ölkəni itaətkar boyunduruğuna salaraq elə bir vəziyyətə gətirib çıxarıb ki, harada göstərsələr, orada dursun. Ermənilər təkcə döyüş meydanında uduzmadılar, onlar daha böyük miqyasda uduzdular və gülünc kukla vəziyyətinə düşdülər''.

Ermənilər Serj Sarkisyanın yalanlarının bundan sonra cəmiyyətdə qəbul olunmasını da mümkünsüz hesab edirlər. Baş verən hadisələr fonunda getdikcə yeni-yeni faktlar üzə çıxır. Bu günlərdə Serj Sarkisyan Almaniyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında Ermənistanın silahlarının 1980-ci illərdən qaldığını, Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edərək, ölkəmizin modern silahlara sahib olduğunu bildirmişdi.
Ermənistanda çıxan "Hraparak'' qəzeti Serj Sarkisyanın bu açıqlamalarla özünü daha dərin bataqlığa saldığını yazır: "Sarkisyan və onun komandası iddia edir ki, bizim silahlar 80-ci illərdən qalma silahlardır, Azərbaycan Ordusunda isə son modern silahlardır. Amma Sarkisyan və onun məmur komandasının mindiyi bahalı, modern avtomobillərin buraxılış illəri heç də köhnə deyil. Sual olunur: bəs niyə hakim partiya üzvlərinin xidməti və şəxsi maşınları 80-ci illərin maşınları deyil? Niyə onların maşınlarının hər birinin qiyməti 100-200 min dollardır?''
Belə faktlar etiraz aksiyalarının genişlənməsinə rəvac verir. Hakimiyyət isə bundan ciddi narahat olub və qabaqlayıcı addımlar atmağa çalışır. Belə məlumatlar da yayılır ki, Ermənistanda hökumətə qarşı keçirilən etiraz aksiyasının iştirakçılarına zəng edərək deyirlər ki, aksiyaya qatılsan, oğlunu Qarabağa əsgərliyə göndərəcəyik.
Kotayk vilayətindəki, Qarni kəndinin sakini Arusyak Ayvazyan artıq ona bir neçə dəfə belə hədə zənginin gəldiyini bildirib. Ermənistan mediası xatırladır ki, Arusyak Ayvazyan Ararat vilayətində keçirilən aksiyada əlində Ermənistanın baş naziri "Ovik Abramyana istefa!'' yazılan plakat tutub. Bu, indi ona baha başa gələ bilər. Lakin hakimiyyət də anlayır ki, bu gedişlə aksiyaları dayandırmaq iqtidarında deyil. Odur ki, yenidən xaricdə özünə dəstək axtarmağa başlayıb.
Həm ölkə daxilində etirazları səngitmək, həm də cəbhədə status-kvonu saxlamaq üçün Sarkisyan Rusiyaya və Qərbə minnətçi düşüb. O, bu məsələdə vasitəçiliyi Ermənistanın sabiq prezidentlərinə həvalə etməyə də çalışır. Ermənistanın "Joxovurd'' qəzeti yazır ki, Serj Sarkisyanla sabiq prezident Levon Ter-Petrosyanın görüşləri aprelin əvvəlindən mütəmadi xarakter alıb: "Məlum olduğu kimi, dörd günlük müharibədən sonra Serj Sarkisyan aprelin 4-də Levon Ter-Petrosyanı ziyarət edib, təxminən 1 saat ərzində onlar Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət barədə söhbət ediblər. Həmin görüşdən sonra Sarkisyanla Ter-Petrosyan daha tez-tez ünsiyyətdə olmağa başlayıblar. Deyilənlərə görə, Serj Sarkisyan Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafını müzakirə etmək üçün tez-tez Ter-Petrosyana zəng edir''.
Belə bir fakta da diqqət çəkilir ki, Levon Ter-Petrosyan Qərbə yaxın siyasətçi kimi tanınır. Onun tez-tez ABŞ-a səfər etməsi, Avropa ölkələrinin paytaxtlarında görünməsi bu iddianın əbəs olmadığını göstərir. Erməni politoloqlarının arasında da belə bir fikir səslənir ki, Sarkisyan Ter-Petrosyan vasitəsilə Qərblə korlanmış münasibətlərini yaxşılaşdırmağa çalışır. Amma bunun nəticə verəcəyi böyük sual altındadır.
Sarkisyan üçün daha bir təhdid mənbəyi hakimiyyəti təhvil aldığı Robert Koçaryandır. Hazırda bu şəxs yenidən hakimiyyətə qayıtmaq iddiasını gizlətmir və əsasən Rusiyada olan müəyyən qüvvələrdən dəstək aldığını iddia edir. Rusiyada böyük biznesi olan Robert Koçaryanla son illərdə Sarksiyanın münasibətləri xeyli kəskinləşib.
Erməni mediası bildirir ki, Koçaryana məxsus malikanəyə qumbara atılıb. Paytaxtın İsakova prospektində baş verən hücum zamanı xəsarət alan olmayıb. Rəsmi qurumlar hadisənin detallarını açıqlamasalar da, onun siyasi mesaj olduğunu düşünənlərin sayı artır. İddia olunur ki, Koçaryanın yenidən hakimiyyətə qayıtmaq üçün hərəkətə keçməsinə cavab olaraq atılan qumbara ilə Serj Sarkisyan klanı ona mesaj verib. Hadisə baş verən zaman Koçaryanın Moskvada olması bu fikirdə olanların sayını artırır.
Ən başlıcası isə odur ki, erməni cəmiyyəti kimi dünya ölkələrinin böyük əksəriyyəti də bu uğursuz siyasətçidən – S.Sarkisyandan üz döndərib.
  • Yazılıb
  • da (də) 2016 Apr 30
  • Göndərən مدير سايت Aran News