Tarix : 2016 May 01
Kod 48670

Nabatəli Qulamoğlu: “Azərbaycanın ali məktəbləri kadr hazırlaya bilmir”

Təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edib ki, Azərbaycanda universallaşma çox getdiyi üçün hər hansı bir fənn, ixtisas üzrə ciddi dərinləşmə yoxdur.
AranNews- Azərbaycanda Təhsil sahəsində aparılan islahatlar hələ ki, hәr hansısa müsbәt nəticələrin әldә edilmәsinә ciddi şəkildə təsir etməyib.
Belə ki, hər il bu istiqamətdə ciddi müzakirəyə çıxarıla biləcək mövzular gündəmə gətirilir. Amma bu sadəcə olaraq söhbət olaraq qalır. Test üsulunun ləğvi, buraxılış və qəbul imtahanlarının birləşdirilməsi və s. kimi mövzular müzakirəyə çıxarılır. Ekspertlərin fikrincə bu kimi müzakirələr abituriyentlərin, şagirdlərin stress keçirməsinə səbəb ola bilər. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə qeyd edib ki, yaxın vaxtlarda qəbul imtahanlarında yalnız 3 fəndən imtahan veriləcək. Mütəxəssilər düşünür ki, təhsil sahəsində olan dəyişikliklər təhsilin səviyyəsinə təsir etmədikcə bu kimi islahat adına görülən işlər görüntüdən başqa heç bir effekt verməyəcək.
Təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edib ki, qəbul imtahanlarında minimum 4 fəndən imtahan verilməlidir: “Bu il qəbul və buraxılış imtahanlarında heç bir dəyişikliyin olması nəzərdə tutulmur. Amma gələcəkdə bu iki imtahanın birləşdirilməsi mövzusu artıq ciddi şəkildə müzakirə edilir. Bu isə bir neçə aspektdən baxdıqda rasional görünür. İlk olaraq maliyyə baxımından bu doğru addım hesab edilə bilər. Hər il iki imtahan keçirilməsi kifayət qədər maliyyə vəsaiti hesabına başa gəlir. Qəbul imtahanlarında prosesin necə getməsindən asılı olmayaraq ölkənin əmək bazarı kadrsızdır. Ölkənin ali məktəbləri kadr hazırlaya bilmir. Bir çoxları hesab edir ki, ölkədə universallaşma çox getdiyi üçün hər hansı bir fənn, ixtisas üzrə ciddi dərinləşmə yoxdur. Təhsil Nazirliyi bu istiqamətdə müəyyən işlər görür, pilot layihələr hazırlayır. Bir neçə rayonda da bu pilot layihələri həyata keçirdir ki, profilləşmə üzrə işlərin necə getdiyini təcrübə etsin. Bunun isə bir nəticəsi olub olmayacağı məlum deyil. Qəbul imtahanında 3 fəndən imtahanın olması Təhsil Nazirliyinin profilləşmə üzrə strategiyasının tərkib hissəsi kimi anlaşıla bilər. Mən qəbul imtahanlarında 3 fəndən imtahan verilməsinin tərəfdarı deyiləm. Əgər xarici dildə bu fənlərin siyahısına daxildirsә, onda minimum 4 imtahan olmalıdır. Hər halda isə 3 fəndən imtahan keçirilməsini məqbul sayırlar. Bu da buraxılış və qəbul imtahanlarının müəyyən qədər bir-birlərinə uyğunlaşdırmaq istiqamətində atılan addımlardandır. Bunun nə qədər uğurlu olması isə gələcəkdə bilinəcək”.
  • Yazılıb
  • da (də) 2016 May 01
  • Göndərən مدير سايت Aran News