İordaniyanın nüfuzlu qəzeti Dağliq Qarabağda mülki əhaliyə qarşı törədilən cinayətlər barədə sərlövhəli məqaləsini dərc edib.
AranNews- İordaniyanın nüfuzlu “Orobanyus” qəzeti, “Ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə bildirilir ki, Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması barədə razılıq əldə edilməsinə baxmayaraq son günlər Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan, artilleriya qurğularından Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinin yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tutublar.
Qeyd edilir ki, bununla əlaqədar ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cəbhəyanı kəndlərə gedib, ziyan dəymiş obyektlərə, o cümlədən evlərə və məktəblərə baxış keçirib, habelə erməni silahlı bölmələrinin artilleriya zərbələrindən evlərinə zərər dəymiş kənd sakinləri ilə görüşüb.
Xüsusilə qeyd edilir ki, hücumlar nəticəsində dinc əhali arasında ölənlər və yaralananlar var. Qəzet işğal edilmiş ərazilərdə infrastruktura, su anbarlarına, çaylara və təbii ehtiyatlara dəyən ziyanın miqyası barədə nazirin yerli və xarici jurnalistlərə geniş məlumatını təqdim edir. Nazir qeyd edib ki, Azərbaycana qarşı bütün vasitələrlə total müharibə aparan təcavüzkar Ermənistan su anbarlarını və çayları ekoloji terror alətinə çevirib. Nazir jurnalistlərə bildirib ki, ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlər sənədləşdiriləcək və beynəlxalq təşkilatlara göndəriləcək.
Məqalə müəllifi qeyd edir ki, Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xətti boyu yaşayış məntəqələrinə endirdiyi artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya səfər ediblər. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi media təmsilçiləri əvvəlcə Bərdə rayonuna gəliblər və ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Jurnalistlər Ermənistan silahlı qüvvələrinin Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutması nəticəsində ziyan dəymiş evlərə də baxış keçiriblər.
Hikmət Hacıyev bildirib ki, mülki əhaliyə dəymiş zərər və itkilər Xarici İşlər Nazirliyi və digər dövlət qurumlar tərəfindən sənədləşdirilir. O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın cəbhə xətti yaxınlığındakı mövqelərini və yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan olunmuş, yalnız dinc əhalini kütləvi surətsə qırmaq üçün nəzərdə tutulan silahlardan atəşə tutublar. Onun sözlərinə görə, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı qeyri-insani vasitələrə əl atması Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı terror siyasətinin tərkib hissədir. H.Hacıyev deyib: “Bu gün Ermənistanın rəhbərliyi də təcavüzkar siyasət yürüdür. Ermənistanın dövlət başçısı danışıqlar prosesindən imtina etdiyini bildirir. Bu, onun danışıqlar prosesinə məhəl qoymamasının göstəricisidir. Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntisi ondan ibarətdir ki, Ermənistanın bu təcavüzkar əməllərinə son qoyulması üçün təsirli addımlar atsın. Ermənistan sülhə məcbur edilməlidir. Azərbaycan bir daha bəyan edir ki, hərtərəfli nəticə yönlü danışıqlar prosesinə hazırdır. Azərbaycan bu problemin həllini ilk növbədə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında görür. Həmin qətnamələrə görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır”.
Sonra məqalədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının yerli və xarici jurnalistlərə bəyanatı diqqətə çatdırılıb. Bəyanatda son günlər ermənilərin əsasən minaatanlardan, toplardan, BM-21 tipli reaktiv sistemlərdən atəş açdıqları bildirilib. Vaqif Dərgahlı xüsusilə vurğulayıb ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına uyğun olaraq Azərbaycanın ön xətdə yerləşən Silahlı Qüvvələri düşmənin bütün atəş nöqtələrini məhv etmək üçün qəti tədbirlər görür və bu tədbirlər mütəmadi davam etdiriləcək, düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq.