Dağlıq Qarabağ və ətraf yedi rayonun Ermənistan tərəfindən işğalından sonra Azərbaycandan gedən ermənilər Ermənistanda məhbus kimi həyat yaşadıqlarını açıqlayıblar.
AranNews- vaxtilə Azərbaycandan yaşamış, I Qarabağ müharibəsi zamanı Ermənistana köçən qadın “armenianreport” saytına məktub ünvanlayıb.
Adının açıqlanmasını istəməyən erməni qadın bildirib ki, Ermənistanda onlar qaçqın deyil, məhbus statusunda yaşayırlar.
“Mən kömək istəyirəm. BMT-nin qaçqınlarla bağlı konvensiyası Ermənistanda işləmir. Hakimiyyət bu məsələ ilə maraqlanmır. Biz hara müraciət edəcəyimizi bilmirik. Erməni hakimiyyəti BMT konvensiyalarını nəzərə almadan, Azərbaycandan gələn ermənilərin ölkədən getməyini qadağan edən qərar verir. Bununla avtomatik olaraq bizim qaçqınlıq statusumuz məhbus statusu ilə əvəzlənir. Çünki bizə azad hərəkət etmək hüququ tanınmır”.
Erməni qadın illərdir Ermənistanda diskriminasiyaya məruz qaldıqlarını bildirir.
“Bu, Ermənistanın hər yerində belədir. Sosial ədalətsizlik hökm sürür, bizi alçaldırlar. Adi tibbi yardımdan belə yararlana bilmirik. Ermənistanda qaçqınlar sosial yardım almırlar. Bizi müdafiə edənlərə hədə-qorxu gəlirlər, polis zorakılıq edir. 2013-cü ilin avqustunda miqrasiya agentliyinin əməkdaşlarının və polislərin iştirakı ilə bir muzdlu dəstə mənə hücum etdi. Təqiblər, hücumlar bu günə kimi davam edir. Müvafiq instansiyalara bu hücumla bağlı müraciət etdim, problemi həll etmək əvəzinə, mənim qohumlarımı qondarma cinayət işləri ilə həbs etdilər”, – deyə o bildirib.
Erməni qadın daha sonra Ermənistan hakimiyyətinin şok fırıldağını da açır.
Onun sözlərinə görə, Azərbaycandan gedən ermənilər öz iradələrinin əleyhinə olaraq, məcburi şəkildə Ermənistan vətəndaşlığına salınıb: “Bununla da bizim qaçqın statusumuz aradan qalxır. Erməni məmurlar yalan statistikaları qaçqınlarla məşğul olan beynəlxalq təşkilatlara sırıyırlar. Beynəlxalq təşkilatların bizə ayırdığı maliyyəni isə özləri yeyir. Biz məmurlar üçün qazanc mənbəyiyik. Bu təkcə bizə qarşı yox, bəşəriyyətə qarşı cinayətdir. Bu, sakit soyqırımıdır. Onlar psixoloji terrorçular kimi bizim sağ qalma mübarizəmizi sınayırlar. Bu ölkədə mənim həyatıma təhlükə var, daim təqib olunuram”.