Hələlik Azərbaycanda ümumi hərbi səfərbərlik elan edilməsinə, orduya ehtiyatdan qüvvələr cəlb edilməsinə heç bir ehtiyac yoxdur.
AranNews- Bunu açıqlamasında əhali arasında səfərbərliyin elan edildiyinə dair xəbərlərə münasibət bildirərkən hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov deyib.
“ordudakı briqadalarımız tam ştat cədvəli üzrə fəaliyyət göstərir. Amma müəyyən ehtiyatda olan şəxsi heyətin dəqiqləşdirilməsi işlərinin aparılması istisna edilmir”.
Ekspert qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən müəyyən hazırlıq tədbirlərinin görülməsi normal haldır: "Ötən ilin sentyabrında keçirilən və ordudan 65 min nəfərin iştirak etdiyi ən böyük hərbi təlimlərdə ehtiyatdan minlərlə nəfər şəxsi heyət cəlb olunmuşdu. Adətən istənilən ölkə öz çağırış resurslarını bir daha dəqiqləşdirir, götür-qoy edir. Bu, normal prosesdir və ümumi işin bir hissəsidir. Nəzərə almaq lazımdır ki, cəbhədəki son ciddi toqquşmalar belə bir məsələni zəruri edə bilər. Ola bilər ki, bu istiqamətdə hansısa addımlar atılsın, müəyyən dəqiqləşdirmələr aparılsın, səfərbərlik resursları, ehtiyatda olan şəxslərin siyahısı nəzərdən keçirilsin. Məsələn, ola bilər ki, insan bu gün ayaq üstədir, amma sabah xəstə olsun, yaxud da hansısa başqa bir problemi üzə çıxsın. Dəqiqləşmə aparıla bilər ki, Allah eləməsin, kim dünyasını dəyişib, kim xəstədir, kim dövlət və özəl sektordakı işindən başqa yerə gedib. Amma hələlik isə buna heç bir ciddi ehtiyac yoxdur, heç bir narahatlığa da əsas yoxdur".
Qeyd edək ki, məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) hələlik hər hansı rəsmi açıqlama verilməyib.