AranNews- bu barədə müdafiə naziri Sergey Şoyqu bəyan edib. Onun sözlərinə görə, bu addım NATO-nun Rusiya sərhədləri yaxınlığına hərbi qüvvə cəmləşdirməsinə cavabdır. Müdafiə naziri deyib ki, hazırda üç yeni hərbi birləşmənin dislokasiya yerləri hazırlanır. Şoyqunun bildirdiyinə görə diviziyaların ikisi Qərb hərbi dairəsində, biri Cənub hərbi dairəsində yerləşdriləcək.
“Müdafiə Nazirliyi NATO-nun Rusiya sərhədləri yaxınlığına qüvvə cəmləşdirməsinə cavab olaraq bəzi tədbirlər görür. İlin sonuna qədər Qərb hərbi dairəsində iki, Cənub hərbi dairəsində bir yeni diviziya formalaşdırılacaq”-Şoyqu deyib.
Qərb hərbi dairəsinin məsuliyyət zonası Rusiyanın Baltik ölkələri ilə sərhədlərini əhatə edir. Bu vaxta qədər də Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada “İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib. Cənub hərbi dairəsinə isə Rusiyanın cənub regionlarında dislokasiya olunmuş hərbi birləşmələr, o cümlədən separatçı Abxaziya və Cənubi Osetiyadakı Rusiya qüvvələri, Ermənistandakı 102-ci hərbi baza və “Erebuni” hərbi hava bazası daxildir. Cənub hərbi dairəsinin məsuliyyət zonası NATO üzvü olan Türkiyədən yönələ biləcək mümkün təhdidləri nəzarətdə saxlamaqdır.
Cənub istiqamətindən Rusiya ötən ilin sonlarından başlayaraq NATO üzvü olan Türkiyə sərhədləri yaxınlığına hərbi qüvvə cəmləşdirməkdədir. Bu məqsədlə Ermənistandakı hərbi-hava bazasına MiG-29 təyyarələri və müxtəlif tipli döyüş vertolyotları göndərilib. İndi Cənub hərbi dairəsinin yeni diviziyasının harada dislokasiya ediləcəyi maraq doğurur. Nəzəri olaraq Rusiya bilavasitə Türkiyə ilə sərhədə yaxın olmaq üçün yeni diviziyanı Ermənistan ərazisində yerləşdirməlidir. Lakin Ermənistanda artıq iki baza var və bu baxımdan ehtimal edilir ki, Cənub hərbi dairəsinin yeni diviziyasının dislokasiya yeri Abxaziya ola bilər.
Xəbər verildiyi kimi NATO artan Rusiya təhdidinə cavab olaraq alyansın şərq sərhədlərinə on minlərlə hərbçi və minlərlə texnika yerləşdirmək planını həyata keçirməyə başlayıb. Əsasən ABŞ qüvvələrindən ibarət NATO birləşmələri Baltik ölkələrində, Polşa və Rumıniyada yerləşdiriləcək. Rusiya bunu özünə qarşı təhdid hesab edir və cavab tədbirləri görəcəyini bildirir.