Vəhy günəşinin doğuşu yəni Peyğəmbərin (s) Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir.
AranNews- Həzrət Muhəmməd (s) 40 yaşına çatanda Allah-təala Ona ilk vəhyi nazil etdi. Əksər rəvayətlərə görə, bu hadisə müsəlman təqvimi ilə rəcəb ayının 27-də baş verdi. Bəzi mənbələrdə isə hadisənin Ramazan ayında baş verdiyi yazılıb. Bu günü müsəlmanlar Məbəs günü münasibəti ilə bayram keçirdirlər.
İslam Peyğəmbəri (s) elə bir əzəmətli şəxsiyyətdir ki, Qiyamət gününə qədər ilin hər günü və hər saatı ona aiddir. Çünki o, peyğəmbərlərin (ə) xatəmidir. Onun səma kitabı əbədi və cavidandır.
Həzrət Peyğəmbər (s) Quranın dili ilə.
Qurani-Kərim cavidan İlahi kitab kimi Peyğəmbərin (s) əzəmətli şəxsiyyətindən ən dərin və ən ətraflı məlumatları vermişdir.
Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılması İslam tarixinin ən mühüm hadisələrindən biridir. Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Peyğəmbərin besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. "Besət" sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə "ucaltmaq", "qaldırmaq" mənasına gəlir. Termin olaraq isə besət, "Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi"nə deyilir.
Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər. Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Muhəmməd peyğəmbərin (s.a.a.) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi.