“İslam Torpağı” adlı elmi konfrans Azərbaycan Respublikasının tanınmış ictimai, siyasi, elm xadimləri, Qarabağın azad edilməsi uğrunda qeyri-hökumət təşkilatlarının faəllarının iştirakı ilə Təbriz Universitetinin “Əllamə Cəfəri” toplantı salonunda keçirildi.
AranNews- Şuşanın işğalı və əhalisinin qətliam edilməsinin ildönümü münasibətilə keçirilən bu konfrans Təbriz Universitetinin Tarix və Mədəniyyət Müəssisəsinin təşəbbüsü, Azər-Aran və Qədim Diyar mədəniyyət mərkəzlərinin iştirakı ilə baş tutmuşdur. Qarabağ müharibəsində iranlı müşavir və Şərqi Azərbaycan Əyalətinin valisinin baş məsləhətçisi sərdar Kəbiri konfransda çıxış edərək Səddamın İrana qarşı 8 illik müharibəsini Qarabağ müharibəsi ilə müqayisə edərək dedi: “İraqın İrana qarşı 8 illik müharibəsində biz torpağımızın bir qarışını da təcavüzkarların əlində qalmasına icazə vermədik, üstəlik, təcavüzkarı cəzalandırmaq məqsədilə İraq torpaqlarına daxil olub onların bir neçə mühüm şəhərlərini fəth etdik. Əgər xəyanətkar əllər olmasaydı Azərbaycan da Ermənistanla müharibədə özünün işğal edilmiş bütün torpaqlarını geri qaytarardı”.Sərdar Kəbiri əlavə etdi: “İran İslam Respublikası Qarabağ müharibəsi zamanı özünün logistik, himayət, təlim və siyasi köməklərini Azərbaycanın müsəlman xalqından və dövlətindən əsirgəmədi. Həmin ildə Azərbaycana birbaşa göstərilən o köməklərdən biri də 25 milyon dollar həcmində silahın satılmasıdır. Həmçinin İran və Azərbaycan dövlətləri arasında anlaşma memorandumuna əsasən, 8 min azərbaycanlı qüvvə İran təlimatçılarının nəzarəti altında hərbi təlim gördülər. Bu qüvvələrin təlim manevrlərində mərhum Heydər Əliyev bir neçə dəfə iştirak etmiş və onların bacarıqlarını yaxından izləmişdir”.
Sərdar Kəbiri çıxışının digər bir hissəsində dedi: “Çox təəssüflər olsun ki, sonralar Azərbaycan Respublikasının bir sıra mediaları İran İslam Respublikasını Qarabağ müharibəsində erməni qüvvələrinə tərəfdarlıq etməkdə ittiham etdilər. İrana qarşı bu atmosferin yaradılmasında pərdəarxası əllər vardır və onların niyyəti İran və Azərbaycanı bir-birindən uzaq saxlamaqdır”.
Bizim Azərbaycanla əlaqəmiz can qardaşlığıdır
“İslam torpağı” konfransının digər natiqləridən olan Təbriz Universitetinin rektoru dedi: “İran və Azərbaycan xalqları və dövlətləri arasındakı münasibətlər təkcə qonşuluq münasibətləri deyil. İki xalqın birgə təbiri ilə onu “can qardaşlığı” adlandırmaq olar”.
Doktor Məhəmmədrza Purməhəmmədi əlavə etdi: “İslamın əziz Peyğəmbərinin (ə) təlimlərinə uyğun olaraq hər kəs bir müsəlmanın kömək istəmək fəryadını eşitsə və öz köməyini ondan əsirgəsə, o müsəlman deyil. Bunu əsas tutan İran İslam Respublikasının dövləti və xalqı Qarabağ münaqişəsində həmişə azərbaycanlı bacı-qardaşlarının yanında olmuşdur”.
Rektor həmçinin dedi: “Elmi mərkəzlər bu məsələnin həqiqətinin aydınlaşması üçün təlaş etməlidirlər. Ona görə də Təbriz Universiteti Azərbaycan Respublikasının partiya və təşkilat rəhbərlərini, Qarabağın azadlığı zəminəsində fəaliyyət göstərənləri dəvət etməklə bu yolda addım atmışdır”.
İranın Qarabağa Azərbaycanın hakimiyyət haqqını müdafiə etməsi, həqiqi müdafiədir
Təbriz Universitetinin alimi doktor Məhəmmədəli Mütəfəkkirazad çıxışından dedi: “Qarabağ müharibəsində İran İslam Respublikası həqiqi bir müdafiə çərçivəsində Azərbaycan xalqının yanında oldu. Amma Qarabağın işğalından sonra Minsk qrupunun Azərbaycanın Qarabağa ərazi hakimiyyətini müdafiə etməsi, həqiqi müdafiə olmamışdır”.
İranın köməklərini unutmarıq
Konfransın davamında Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Tahir Kərimli çıxış etdi. O, Qarabağ müharibəsində İranın konstruktiv və müsbət roluna təkid edərək dedi: “Qarabağ müharibəsi getdiyi bir dövrdə İran İslam Respublikasının o zamankı xarici işlər naziri doktor Vilayətinin Bakıda olması bizim üçün İranın Azərbaycanı dəstəkləməsinə aydın sübutdur”.
T. Kərimli əlavə etdi: “Ermənistan xristian ölkələrini hakim etməklə Qarabağa hakimiyyətini rəsmiləşdirməyə təlaş edir. BMT-nin bir neçə qətnaməsində erməni işğalçılarının Qarabağdan çıxmasının lüzumuna təkid olunmuşdur. Amma indiyə kimi bu qətnamələrə əməl olunmayıb”.
Azərbaycan Vəhdət Partiyasının sədri çıxışının davamında dedi: “Son zamanlar Ermənistanda dünyanın bir neçə canlı dilində bir kitab nəşr edilmişdir. Bu kitabda Qarabağ müharibəsində iştirak etmiş komandirlərin şifahi tarixi və müsəlman qadınlarına qarşı faciəli təcavüz səhnələri, uşaqların qətlə yetirilməsi, Şuşa came məscidinin donuz saxlanılan tövləyə çevrilməsi haqqında məlumatlar hər bir vicdanlı insanı və təəssüblü müsəlmanın ürəyini ağrıdır”.
Milli Məclisin üzvü ötən illərdə Tehranda Ali Məqamlı Rəhbərlə görüşünə işarə edərək dedi: “Mən onun Qarabağın vəsfində işlətdiyi “xaki İslam, ya İslam torpağı” ibarətini son dərəcədə ürəyəyatan hesab edirəm”.
Qarabağın işğalını aradan qaldırmaq üçün Minsk qrupundan heç bir iradə görmədik
Konfransın digər natiqlərindən olan Azərbaycan Ədalət Partiyasının sədri İlyas İsmayılov Qarabağın işğalı tarixinə ötəri toxunaraq dedi: “1985-ci ildə Afinada toplantı keçirildi və o toplantıda bir neçə müsəlman ölkəsinin arasında yerləşən Ermənistanın ərazilərinin genişləndirilməsinə təkid olundu. Gürcüstan və Azərbaycan istiqamətlərində genişlənməyə aid iki layihə araşdırıldı. Sonda ikinci plan qəbul olundu”.
İ. İsmayılov əlavə etdi: “Qarabağın işğalından 25 il ötür. Bütün bu illər ərzində Qarabağ məsələsinin həlli Amerika, Rusiya və Fransanın sədrlik etdiyi Minsk qrupuna tapşırılmışdır. Halbuki, bu qrup işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması yönümündə heç bir iradə göstərməmişdir. Ona görə də dost və qonşu ölkələrdən dəstək almaqla, Azərbaycan gənclərinin gücünə arxalanmaqla işğala son qoymaq lazımdır”.
“Bəziləri iddia edirlər ki, Azərbaycan Qarabağı Ermənistandan geri almaq istəmir. Mən bildirirəm ki, bu söz tamamilə səhvdir və Azərbaycan xalqı Qarabağın azadlıq xəbərinə teşnədirlər. Dörd günlük müharibədə bunun şahidi olduq”- deyə siyasi fəal vurğulayıb.
Dörd günlük müharibədə İranın Azərbaycanı fəal himayə etməsi
Konfransda çıxış edən siyasi təhlilçi doktor Məhəmmədrza Kəffaş Cəmşid Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xameneinin – “Ermənistan dövləti və Qarabağ erməniləri bu məntəqənin müsəlmanlarına zülm etmişdir. Ermənistan dövlətinin dəstəyi ilə baş tutmuş Qarabağ ermənilərinin bu hərəkətini məhkum edirik” – çıxışına işarə edərək, dedi: “İran İslam Respublikasının Qarabağ münaqişəsi barədə qəti siyasəti işğala son qoyulması, işğalçının məhkum edilməsi, təcavüzün aradan qaldırılmasının lüzumudur. Biz Ali Məqamlı Rəhbərin göstərişlərinə əsaslanaraq həmişə bu siyasətə təkid etmişik”.
Politoloq əlavə edib: “Son günlər baş verən dörd günlük müharibədə Təbriz, Ərdəbil, Urmiya və ölkənin digər şəhərlərinin imam cümələri Qarabağın Azərbaycana aid olmasına bir daha təkid etdilər, ölkəmizin xarici işlər naziri açıq-aşkar bildirdi ki, İran terrorizmlə mübarizə üçün Azərbaycana hər cür müdafiə və informasiya dəstəyi verməyə hazırdır”.
Doktor Kəffaş həmçinin dedi: “İranın bir sıra Parlament nümayəndələri də Parlamentdə və mətbuata verdikləri müsahibələrdə bu mövzuya təkid etdilər”.
İnşallah, işğal bundan artıq uzanmayacaq
Konfransın davamında çıxış etmək üçün söz Qarabağ Uğrunda İslam Müqaviməti Hərəkatının sədri Rövşən Əhmədliyə verildi.
R. Əhmədli Azərbaycana kommunistlərin hökumət etdiyi illərə toxunaraq dedi: “Bizim ölkəmiz elə bir dövrü arxada qoymuşdur ki, həmin dövrdə hətta ölülərimiz üçün meyit namazı qılmağa da icazə verilmirdi və ölülərimizi gecə vaxtı, kommunist məmurlarının gözlərindən uzaq dəfn etməyə məcbur olurduq. Bu bir nümunədir ki, biz ata-babalarımızın dinsizlik şəraitində dini bizə çatdırmasını bilək. Yüz əlbəttə bunu gizlətmək mümkün deyil ki, hazırkı vəziyyətdə də həqiqi dindarlar Azərbaycanda çoxlu problemlərlə qarşılaşıblar”.
Hərəkat lideri əlavə etdi: “Artıq Qarabağın işğalı və erməni qüvvələrinin bu işğalda törətdikləri faciələr 25-ci ilə daxil olur. Allahdan istəyirəm ki, bu işğal sona yetsin və əsrin dörddə birindən artıq uzanmasın”.
Öz gücümüzə arxalanmalıyıq
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Şuşanın işğalının ildönümü günündə belə bir konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı, Qarabağ xüsusunda İran və Azərbaycanın ortaq mövqelərinə işarə edərək dedi: “Şuşa Azərbaycanın qədim tarix, mədəniyyət və sivilizasiyasına malik bir şəhəridir və işağl edilmiş digər şəhərlərlə yanaşı Azərbaycanın canının bir hissəsidir”.
QAT sədri əlavə etdi: “Qarabağ məsələsinin həlli hərbi olmaqdan daha çox, siyasidir. Xristian ölkələri təsirli beynəlxalq təşkilatlarda nüfuzundan istifadə edərək, Cənubi Qafqazda digər bir xristian dövləti yaratmağa təlaş edirlər. Bu məsələnin kökünü tapmaq üçün tarixə müraciət etmək, Rusiya dövlətinin erməniləri Qarabağa köçürməsinin və onun cəmiyyət tərkibi balansını dəyişməsinin səbəblərini araşdırmalıyıq”.
Akif Nağı çıxışının digər bir hissəsində dedi: “İyirmi il xristian ölkələrinin vasitəçiliyinə ümid bağladıqdan sonra indi bu nəticəyə gəlmişik ki, işğal olunmuş torpaqlarımızın azad olması üçün öz gücümüzə arxalanmalıyıq və bu yolda İslam ölkələrindən, onların da başında İran və Türkiyədən kömək almalıyıq. Bu mövzunun davamında belə bir sual edirəm ki, əgər Ermənistanın torpağı Azərbaycanın işğalında olsaydı, Ermənistan dövləti bu işğaldan azad olmaq üçün üç İslam ölkəsinin vasitəçiliyini qəbul edərdimi?”
Nəslin dəyişməsinə icazə verməyin
Təbriz Universitetinin alimi doktor Ruhullah Mütəfəkkirazad konfransda qısa çıxış edərək dedi: “Ötən il İmam Hüseyn (ə) Ərbəini Yürüşündə Azərbaycan bayraqları ilə bu yürüşə qatılmış bir çox azərbaycanlı gəncləri gördüm. Öz-özlüyümdə belə fikirləşirdim ki, bu gənclərlə Qarabağı işğaldan azad etmək olar”.
Universitet müəllimi daha sonra dedi: “Sionist rejimin Fələstini işğal etməsindən 75 il ötməsindən və işğalın şahidlərindən neçə nəsil ötməsindən sonra bu günləri Fələstinin işğaldan azad olması bir az uzaq görünür. İllərin ötməsi ilə Qarabağın belə bir oxşar tale yaşamasına və sizin övladlarınızın Qarabağın Azərbaycana aid olmasını məhz tarixi bir xatirə kimi xatırlamasına icazə verməyin”.
Qarabağ, Qafqazın Fələstinidir
Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndi konfransın digər natiqlərindən idi. O, Qarabağı Cənubi Qafqazın Fələstini adlandırdı və bu bənzərlilyin yeganə fərqinin Azərbaycan Respublikasında dövlətin qurulması və möhkəmlənməsində olduğunu bildirərək dedi: “Hər bir İran vətəndaşı üçün Xocalı və Xürrəmşəhr arasında bir fərq yoxdur. İranlı müsəlmanların ürəkləri də bu işğala görə qana dönmüşdür. Son dörd günlük müharibədə Azərbaycan qüvvələrinin uğurları və irəliləməsi ilə Azərbaycanda öz qardaş-bacılarımızla yanaşı biz də sevincə qərq olduq”.
Ekspert çıxışının davamında dedi: “Həm Təbrizdə, həm də Bakıda çoxlu sayda erməni yaşayır və onlar azadcasına gündəlik həyatlarına davam edirlər. Bu məsələ onu göstərir ki, bizim din fərqliliyi ilə problemimiz yoxdur. Bizim problemimiz yalnız işğal və işğalçı ilədir”.
O, çıxışının sonunda Qarabağın tezliklə azad olmasını arzuladığını bildirərək dedi: “Arzu edirəm ki, Qarabağın azad olması ilə bir daha Şuşa Came Məscidinin minarələrindən azan səsinin ucaldığını eşidək. Allahın istəyi ilə o gün uzaq deyil”.
Qarabağ müharibəsində Hüseyn Fəhmidənin oxşarları vardır
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Qarabağ müharibəsində şəhid Hüseyn Fəhmidəyə bənzər qəhrəmanların olduğuna işarə edərək dedi: “Qarabağ şəhidləri arasında on beş yaşlı şəhidimiz vardır ki, şəhid olduğu vaxt fəryad etdi: Bədənimin hər bir hissəsini vətən torpağının azadlığı yolunda qurban verməyə hazıram”.
Ermənistan-Azərbaycan müharibəsinin kökü Rusiyadadır
Elmi konfransın xitamında çıxış edən siyasi təhlilçi Zərdüşt Əlizadə dedi: “Azərbaycan və Ermənistan arasındakı müharibənin köklərini Rusiyanın beyin mərkəzlərində, prezidentinin müşavirlərində və XİN-nin komitələrində axtarmaq lazımdır”.
Politoloq əlavə etdi: “İmperialist ölkələr iki millət arasında nifrət yaratmaq üçün əvvəlcə tarixçiləri, yazıçıları və incəsənət xadimlərini meydana daxil edir və bu siniflər arasından bəziləri agahlıqla, yaxud da nadanlıq üzündən meydana daxil olur, nifrət zəhərini yayırlar”.
Ekspert həmçinin dedi: “Necə olur ki, biz 1988-ci ilə kimi ermənilərlə xoşluqla yaşayırdıq. Amma ondan sonra qətliam və soyqırım faciələri ilə qarşılaşdıq?”
Z. Əlizadə çıxışını davam edərək dedi: “25 ildir ki, Rusiya bu müharibə bəhanəsilə Ermənistan və Azərbaycan ölkələrini idarə edir. İşğalın kökünü də bu məsələdə axtarmaq lazımdır”.
Qeyd edək ki, sözü gedən konfransda Muxtar Sədrməhəmmədi, İbrahim Qiblə Arbatan və Qurban Cəbrail Qarabağın azad olmasını arzu edən mövzularda öz şerlərini oxudular.