Rusiyanın elmi- akademik dairələri Böyük Vətən Müharibəsində döyüşən azərbaycanlıların sayını təhrif edən saxta sənədləri elmi-kütləvi kitablara daxil edirlər.
AranNews- Böyük Vətən Müharibəsində SSRİ- nin insan itkilərinin statistik nəticələrini təqdim edən " Rusiya və SSRİ 20- ci əsrin müharibələrində" adlı kitabda Hitler Almaniyasına qarşı müharibədə səfərbərliyə alınaraq cəbhədə həlak olan azərbaycanlıların sayında ciddi təhrifə yol verilib.
Kitabın "geridönməz itkilər" bölməsində bu müharibədə həlak olan sovet əsgərlərinin etnik tərkibi göstərilib. Təqdim olunan cədvəldə Böyük Vətən Müharibəsi zamanı cəmi 58 min 400 nəfər azərbaycanlı əsgərin həlak olduğu göstərilir.
Ermənilərin bizdən daha çox itki verdiyi qeyd olunub. Onların həlak olanlarının sayı 83 min 700 nəfər, gürcülərin isə 79 min 500 nəfərdir.
Kitab 2001-ci ildə hərb elmləri namizədi, Rusiya Hərbi Elmlər Akademiyasının professoru, general-polkovnik Krivoşeyevin ümumi redaktorluğu altında nəşr olunub. Rusiya imperiyasının və SSRİ-nin iştirak etdiyi müharibələrdəki itkilərin statistik araşdırması əks olunmuş kitab SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin üzərindən "məxfi" qrifi götürülmüş sənədləri əsasında hazırlanıb.
Girişdə qeyd olunur ki, "adıçəkilən kitab SSRİ- nin Böyük Vətən Müharibəsində məruz qaldığı əsgər-zabit itkiləri ilə bağlı müxtəlif illərdə çap edilən və dəqiqliyi şübhə doğuran publisistik və memuarların yaratdığı sualları aradan qaldırmaq üçün" nəşr olunub.
Müəlliflər iddia edirlər ki, SSRİ-nin bu sənədlər üzərində "məxfi" qrifini götürməsindən sonra yazılan müxtəlif kitablar özfəaliyyət detalları ilə yazılıb. Həmin kitablarda əsasən şəxsi mülahizələr və təsdiq olunmayan faktların əks olunduğu memuarlar əks olunub.