Vüsal Hətəmov: "Bütün dünyada İslamın mərkəzinin artıq Allah tərəfindən qorunmadığı aurasını yaratmağa çalışırlar".
AranNews- İŞİD terror təşkilatı Məkkədə Səudiyyə Ərəbistanın ordusuna hücum edib. Nəticədə hər iki tərəfdən ölənlər olur. Maraqlıdır, bu terror təşkilatı Məkkə kimi mühafizə olunan bir şəhərə yaxınlaşa bilərmi, buna onun hərbi gücü, potensialı varmı? Ümumiyyətlə bu addım hansı məqsədlə atılıb?
“Birlik” təşkilatının sədri, şərqşünas Vüsal Hətəmovdan bildirib ki, bu gün dünyada belə bir tendensiya yaradılır ki, terror deyəndə ilk növbədə İslam dövlətləri, müsəlmanlar yaşayan ərazilər nəzərdə canlansın.
Ekspertin sözlərinə görə, «Bir çox müsəlman ölkəsini terror bürüməsinə baxmayaraq, ekstremistlərin arxasında duran böyük dövlətlərə bu bəs eləmir, artıq İslamın mərkəzi olan əraziləri gözdən salmağa cəhd edirlər. Təbii ki, Məkkə - məzhəbindən, təriqətindən asılı olmayaraq, bütün müsəlman dünyasının ehtiram bəslədiyi bir yerdir. Versiyalardan biri bu ola bilər ki, bütün dünyada İslamın mərkəzinin artıq Allah tərəfindən qorunmadığı, ya müsəlmanların əsas ziyarətgahı sayılan Kəbə evinin müsəlmanların özləri tərəfindən hücuma qaldığı aurasını yaratsınlar».
Vüsal Hətəmov İŞİD-in kim olduğu, hansı dövlətlər tərəfindən maliyyələşdiyi, kimlər tərəfindən dəstəkləndiyinin bilməyin vacib olduğunu vurğuladı: «Bu suala baxdıqda yaxın tarixə – 4-5 il ərzində olanlara nəzər salmalıyıq. İŞİD ilk dəfə İraqda, Suriyada yarananda əvvəlcə müxalifət qrupları adı ilə fəaliyyət göstərirdilər, sonra isə terror təşkilatına çevrildilər və tutduqları ərazini İraq Şam İslam Dövləti elan edərək öz mərkəzləri hesab etdilər. Həmin vaxtda Səudiyyə Ərəbistanı onlara kömək edirdi. Nə oldu indi birdən-birə onları özlərinə bir hücumçu dəstə kimi tanıtmaq istəyir? Bu onu göstərir ki, bu, Səudiyyə Ərəbistanının, dünyada İslamı gözdən salmaq istəyən böyük imperialist qüvvələrin, dövlətlərin yeni oyunudur, özlərini göstərirlər ki, bunlar da İŞİD-lə mübarizə aparmaq istəyir. Çünki İŞİD istənilən effekti vermədi. Onlar İŞİD-i yaratmaqla İslam dünyasını kökündən məhv etmək, müsəlman dövlətlərini «müsəlman» dəstələrin əli ilə məhv etmək istəyirdilər. Bu alınmayanda, İŞİD gözdən düşəndə, bütün kartlar açılandan sonra isə guya bunlar qəbul edirlər ki, İŞİD terror təşkilatıdır və guya bunlara da ona qarşı çıxır».
Şərqşünası onu da bildirdi ki, ekstremist qüvvələr güc toplayandan sonra adətən onu yaradanlara qarşı çıxı: «Bir şey ki, terrorçudur, o necə idarə oluna bilər. Yekun olaraq deyim ki, bu iki oyuna oxşayır. Ya terror dəstələri artıq onları dəstəkləyən, maliyyələşdirən qüvvələrin idarəçiliyindən çıxıb, üzlərinə qayıdır, ya da ki, İŞİD-i yaradanlar İraq və Suriyada istədiklərinə çata bilmədilər, indi də istəyirlər İslamın Mərkəzi sayılan Kəbədə bir oyun çıxarsınlar».
Vüsal Hətəmov bunun həm də Həcc qabağı dünya müsəlmanlarının ora gedişinin azalması üçün planlaşdırmaya oxşadığını da vurğuladı: «Ancaq bu mümkün deyil. Kərbəlada bilirik ki, hər gün partlayışlar olur, bununla belə, ildə yüz milyonlarla insan ora ziyarətə gedir. Təkcə İmam Hüseynin 40-ı günü sayılan Ərbəində 20 milyondan yuxarı insan oranı ziyarət edir».
Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətindən milyonlar qazanır. Buna görə bunun özləri tərəfindən bir plan olması bir az müəmma yaradır.
Vüsal Hətəmov vurğuladı ki, terror qüvvələri müəyyən limiti keçdikdən sonra onları saxlayan qüvvələrin üzlərinə qayıdır: «Əl-Qaidə-ni xatırlayaq: SSRİ-yə qarşı mübarizə vasitəsi kimi yaradılmışdı, amma sonda öz yaradıcılarına – Amerikaya qarşı çıxdı. Hətta onların özləri də etiraf etdilər ki, Nyu-Yorkdakı əkiz qüllələri Əl-Qaidə partladıb. Dünya buna birmənalı yanaşmadı: inananlar da oldu, inanmayanlar da, ancaq özləri etiraf etdilər. Bu səbəbdən terror təşkilatları yaradıldıqdan 3-5 il sonra məhv edilir. Çünki nə vaxtsa idarəçilikdən çıxan vaxtı olur. Terrorçular o qədər yayılıb ki, hətta Avropanın bir neçə dövlətinin ərazisi bir yerdə İŞİD-in tutduğu ərazi qədər deyil. Və buna görə də onu dəstəkləyən Səudiyyə Ərəbistanını da, Avropanı da, Qərb dünyasını da bu gün saymaya bilər. Ya İŞİD artıq idarəçilikdən çıxıb, ya da Həcc qabağı Həcc mərasimini gözdən salmaq istəyirlər, qorxu yaratmaq istəyirlər ki, heç kəs ora getməsin. Ötən il minlərlə zəvvar həlak oldu. Əlbəttə, Həcc mərasimindən Səudiyyə xeyli qazanc götürür. Ancaq Sizi inandırım ki, İslamın gözdən salınması üçün xərclənən milyardlar qarşısında Həcc mərasiminə xərclənən pul heç nədir».
«Ümumiyyətlə İslam düşmənləri iş görəndə bir neçə məsələni qoyur ortaya ki, kənardan baxanlar versiyaların üzərində çalışsın», deyə şərqşünas Vüsal Hətəmov sözlərini yekunlaşdırdı./FaktXeber