AranNews- Türkiyə siyasi sistemində baş verənləri dəyərləndirən azərbaycanlı politoloqların fikrincə, Davudoğlunun müstəqil siyasət yürütməyə çalışması onun "vurulması"nın əsas səbəblərindən biri olub. "Davudoğlu Ərdoğanın bəzi planlarının həyata keçirilməsinə mane olurdu və onların yolu gec-tez ayrılmalı idi".
Bunu Əhməd Davudoğlunun istefasına münasibət bildirən politoloq Rauf Mirqədirov deyib. Onun fikrincə, hakim AKP daxilində köhnə elita ilə yeni elita arasında mübarizə gedir.
"Ərdoğan partiyanın rəhbər orqanları və parlamentə yeni insanların gəlməsindən daha çox partiyanın köhnə elitasından azad olmağa çalışır. Davudoğlu özü-özlüyündə köhnə qvardiyaya daxil olan şəxs deyil. Yəni partiyanın qurucularından deyil. Amma, partiyanın köhnə qvardiyasına çox yaxın insanlardan biridir", — Mirqədirov vurğulayıb.
Onun fikrincə, ən azından Davudoğlu beynəlxalq aləmdə kifayət qədər ciddi nüfuza malikdir: "Bu isə sözsüz ki, Ərdoğanın ölkəyə təkbaşına rəhbərlik etmək istəyinə bir qədər mane olur".
Siyasi təhlilçi hesab edir ki, əsas fikir ayrılıqları bu müstəvidədir: "Ərdoğan atdığı addımlarla göstərir ki, o, hökümətə rəhbərlik edən Davudoğlu ilə heç bir məsləhətləşmə aparmır. Türkiyə Ana Yasaya görə parlamentli respublikadır. Prezident daha çox təmsilçilik funksiyası yerinə yetirən bir fiqurdur. O, gündəlik siyasətdə iştirak etməməlidir. Bir qədər siyasi mübarizənin üstündə olmalıdır. Siyasi qüvvələrə eyni məsəfədə olmalıdır. Ən azından çalışmalıdır ki, elə bir görüntü yaransın ki, güya siyasi qüvvələrə eyni məsəfədədir".
"Lakin, Ərdoğanın bir prezident kimi fəaliyyəti bu çərçivəyə sığmır. O, faktiki olaraq hökümətin gündəlik fəaliyyətinə rəhbərlik edən şəxs kimi özünü aparır. Bu isə Əhməd Davudoğlu kimi özünü təsdiq eləmiş siyasətçinin xoşuna gəlməməlidir", — R. Mirqədirov dəyərləndirib.
Bəzi analitiklər AKP-nin yeni sədri və Türkiyənin Baş naziri olacaq namizədlərin adlarını da hallandırmağa başlayıblar. Mirqədirov isə ehtimal olunan namizədlər haqqında belə düşünür: "Ehtimal olunan namizədlərin siyahısına baxın, onların arasında parlaq simalar yoxdur. Hər halda partiya daxilində və cəmiyyətdə böyük nüfuza malik olan parlaq simalar yoxdur. Onların əksəriyyəti demək olar ki, özlərini prezidentin sadiq nökərləri sayırlar. Yəni ki, onun siyasətini bütünlüklə həyata keçirməyə və onunla heç bir rəqabət aparmağa hazır olmayan insanlardır".
Politoloq Şahin Cəfərli isə Ərdoğanla Davudoğlu arasında fikir ayrılıqlarının yaranması səbəblərini belə izah edir: "Türkiyədə keçmiş nazirlərlə bağlı korrupsiya ittihamı var idi. Dörd nazir əleyhinə cinayət işləri açılmışdı. Bu nazirləri deputat toxunulmazlığından məhrum etmək və mühakimə olunması məsələsi qaldırılmışdı. Bu məsələdə Ərdoğan və Davudoğlunun mövqeləri bir-birindən kəskin fərqləndi. Davudoğlu bunun tərəfdarı idi ki, nazirlər məhkəməyə çıxarılsın və həmin məhəkəmədə öz günahsızlıqlarını sübüt etsinlər. Ərdoğan isə bunun tamamilə əksi olan bir mövqe tuturdu. Bildirirdi ki, bu məsələ bilavasitə onun əleyhinə yönəlib və keçmiş nazirlərin məhkəməyə çıxması Ərdoğanın özünün mühakimə olunmasına bərabər bir hadisə olar. Ona görə buna yol vermək olmaz və nəticədə Ərdoğanın dediyi oldu".
"Ərdoğanla Davudoğlu arasında ilk narazılıq bu məsələdə yarandı. Ondan sonrakı proseslərdə yenə Davudoğlunun baş nazir kreslosunda nisbətən müstəqilləşməyə çalışması və eyni zamanda partiyanı öz nəzarətinə alması istiqamətində müəyyən addımlar atması da Ərdoğan və onun yaxın ətrafının əks reaksiyasına səbəb oldu", — politoloq vurğulayıb.
Ş. Cəfərlinin sözlərinə görə, Davudoğlunun Türkiyənin xarici siyasətində oynadığı rol da Ərdoğanı narahat edirdi: "Avropa Birliyi ilə əldə olunan razılaşmada əsas rolu məhz Davudoğlu oynadı. AB ilə Türkiyə arasında keçirilən zirvə toplantılarına da avropalılar Ərdoğanı yox, məhz Davudoğlunu dəvət edirdilər. Belə versiyalar var ki, bu məsələ Ərdoğanı çox ciddi narahat edirdi. Bu ayın əvvəlində Davudoğlunun ABŞ-a səfəri gözlənilirdi. Həmin səfərdə Davudoğlu Ağ evdə prezident Obama tərəfindən qəbul olunacaqdı".
Siyasi şərhçinin qənaətincə, Ərdoğanla Obama arasında müəyyən problemlərin olduğu bir vaxtda Davudoğlunun Amerikaya dəvət olunması və ona heç bir problem olmadan Obama tərəfindən görüş verilməsi faktı da Ərdoğanın narahatlığını artıran növbəti hadisələrdən biri oldu: "Bütün bu proseslərin sonunda Ərdoğan Davudoğlunu daha sadiq bir partiya nümayəndəsi ilə əvəzləmək qərarı verdi".
Politoloq qeyd edib ki, baş verənlərin əsas səbəbi Davudoğlunun Ərdoğanın nəzarətindən çıxmasıdır: "Ərdoğana siyasi iddiaları olmayan bir kukla baş nazir lazımdır".
Qeyd edək ki, Ə.Davudoğlu AKP-nin 27 avqust 2014-cü ildə keçirilmiş fövqəladə qurultayında partiyanın sədri seçilib.