AranNews- Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanat yayıb.
bəyanat qurumun rəsmi internet səhifəsində dərc olunub. Bəyanatda deyilir:
"Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevlə görüşüblər.
Tərəflər münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq ediblər. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər.
Həmçinin prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər. Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər.
Dövlət başçıları, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi barədə razılaşıblar.
Və nəhayət onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşən şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Azərbaycan və Ermənistan prezidentləri bu məsələyə bağlılıqlarını hələ 2014-cü ilin oktyabrında Parisdə keçirilən görüş zamanı ifadə ediblər.
Prezidentlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədi ilə danışıqların davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini rmüəyyən etmək barədə razılığa gəliblər".