Simon Kopadze: Gürcüstanın və Azərbaycanın ərazi bütövlüklərinin, regionda sabitliyin pozulmasında Ermənistanın da rolu var.
AranNews- “Ermənistan regionda yeganə münaqişə mərkəzi və təhlükə mənbəyidir. Azərbaycan və Gürcüstan regionda sülhün, əmin-amanlığın tərəfdarıdırlar. Regionun inkişafı, təhlükəsizliyi üçün əllərindən gələni edirlər. Regionda birgə irimiqyaslı layihələr həyata keçirirlər”.
Bu fikirləri "Report"a müsahibəsində Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze söyləyib. Onun sözlərinə görə, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüklərinin, regionda sabitliyin pozulmasında Ermənistanın da rolu var: "Təəssüflər olsun ki, bizə mane olan, bölgəmizdə sülhün, sabitliyin pozulmasına çalışan qüvvələr var. Həmin qüvvələr Ermənistanın əli ilə regionda münaqişə yaratmağa, sabitliyi pozmağa çalışırlar. Azərbaycanda və Gürcüstanda yaşayan ermənilər heç vaxt bu dövlətlərin çiçəklənməsinə çalışmayıblar. Onlar daim “Böyük Ermənistan” xülyası ilə yaşayıblar və məskunlaşdıqları əraziləri özününküləşdirməyə çalışıblar. Bu da hər zaman narazılıqla qarşılanıb və ciddi problemlərə səbəb olub".
S.Kopadze bildirib ki, bu gün Ermənistan həm də regionda ən böyük radioloji problemli ölkədir. Metsamor Atom Elektrik Stansiyası (AES) buna ən böyük misaldır: "Bu stansiya öz ömrünü, istismar müddətini başa vursa da, onun bağlanması və ya modernləşdirilməsi mümkün deyil. Bunun üçün ilk növbədə siyasi iradə lazımdır. Siyasi müstəqilliyi olmayan bir ölkə isə bunu edə bilməz. Çünki nə özü müstəqildir, nə də müstəqil siyasəti yoxdur. Ermənistan hakimiyyəti başa düşmür ki, Metsamor AES təkcə azərbaycanlılar, türklər və gürcülər üçün deyil, erməni xalqının özü üçün də ciddi fəlakət mənbəyidir. Biz tarixdən atom silahının nəyə qadir olduğunu yaxşı bilirik. Yaxın keçmişimizdə Çernobılda baş verən partlayışı da xatırlayırıq. 30 ilə yaxın vaxt keçib, amma hələ də Çernobıl problemi yaşanır. Ona görə də hesab edirəm ki, bu stansiya bağlanmalıdır".
Prorektor vurğulayıb ki, stansiyanın bağlanması üçün 5 milyard dollar, bəzən bundan çox vəsaitin tələb olunduğu iddia olunur: "Bəziləri vəsaitin çoxluğunu əsas gətirirlər. Amma burada söhbət məbləğdən getmir. Burada yenə də deyirəm siyasi iradə lazımdır, bu iradə olsa, pul da tapılar. Müstəqil siyasəti olmayan bir ölkə isə heç vaxt ortaya siyasi iradə qoya bilməz. Hesab edirəm ki, təkcə MAQATE deyil, bütün beynəlxalq təşkilatlar bu məsələyə ciddi yanaşmalıdırlar. Metsamor AES-in bağlanması üçün səylər artırılmalı, ciddi tədbirlər görülməlidir".