Qarabağ qaytarılır Vyana görüşündən sonra Ermənistan danışıqlar prosesi çərçivəsində güzəştli variantlarla razılaşmayacaqsa, o zaman müharibə variantı yenidən gündəmə gələcək.
AranNews- bu barədə ekspert Dmitri Verxoturov deyib. Onun sözlərinə görə, Azərbaycan aprel döyüşləri ilə Ermənistana ciddi xəbərdarlıq etdi: “Proseslərin gedişi göstərdi ki, Ermənistan Qarabağı əlində saxlaya bilmir, müdafiə gücü zəifdir. Məhz həmin hadisələrdən sonra siyasi manevrlər başladı. Azərbaycan anlayır ki, Ermənistan Rusiyanın müttəfiqidir, ona görə də ehtiyatlı davranır. Lakin əminəm ki, əgər Bakı müharibə variantını seçəcəksə, o zaman bu variantı Moskva ilə razılaşdıracaq”. Ekspert əlavə edir ki, Qarabağ məsələsinin inkişafı qlobal proseslərdən asılı olacaq.
“Rusiya anlayır ki, münaqişənin dondurulması Azərbaycanı bezdirib. Belə vəziyyət rəsmi Bakının alternativ güclərlə anlaşmasına gətirib çıxara bilər. Misal üçün, NATO münaqişənin həllində rol alaraq, regionda güclənə bilər. Belə halda Rusiyanın bütün cənub cinahı kəskin zəifləyir, Qərbin Xəzərə və Türkmənistana girmək imkanı güclənir. Yəni Rusiyanın strateji vəziyyəti pisləşir. Buna görə də Rusiya Qarabağ məsələsində Azərbaycan və NATO-nun yaxınlaşmasına imkan verməmək niyyətindədir”, - deyə ekspert vurğulayıb.