Azərbaycan tərəfi birmənalı şəkildə bildirib ki, vaxt və ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq və Bakı heç bir güzəştə getməyəcək.
AranNews- Bu barədə politoloq Tofiq Abbasov açıqlama verib. Politoloq bildirib ki, Ermənistan sistemli şəkildə atəşkəs rejimini danışıqlar baş tutmasın deyə pozurdu:
“Bunun səbəbi isə sülh sazişinin İrəvanın planları ilə uzlaşmamasıdır. Ermənistan yalnız ərazi iddiaları qaldırmır, üstəlik, son zamanlar Azərbaycanın digər torpaqlarının adını da sayıqlayır. Azərbaycan tərəfi birmənalı şəkildə bildirib ki, vaxt və ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq və Bakı heç bir güzəştə getməyəcək.
Dağlıq Qarabağın status məsələsi isə sonranın işidir. Ona görə də Ermənistan açıq şəkildə verdiyi vədlərə əməl edəcəyinə dair rəy bildirməlidir. Bu, beynəlxalq təşkilatlar və vasitəçilərin birbaşa təzyiqi olmadan baş tutmayacaq. Gərək ilk növbədə Rusiya Ermənistana təsir göstərsin ki, Sərkisyanın dilindən guya sülh sazişinə sadiq olmalarına dair çıxan sözlər əməldə təsdiqini tapsın. Bu baş verməsə, heç bir irəliləyiş olmayacaq və erməni tərəfi yenə Azərbaycanla sərhəddə atəşkəsi pozacaq”.
Politoloq vurğulayıb ki, sülhlə bağlı zəmanət alındığı halda danışıqların səmərəsi ola bilər:
“Hazırda yeganə problem Ermənistandadır. Çünki bu ölkənin siyasi rəhbərliyi hakimiyyətə də müharibə dalğası üzərində gəlib və qanuni prezident Levon Ter-Petrosyanı devirdilər ki, Ermənistan güzəştlərə getməsin. Onlar indi də eyni hərəkətləri təkrar edərək öz planlarını özləri pozurlar. Ona görə də Rusiya, Fransa və ABŞ dərhal Ermənistana təzyiqləri artırmalıdır”.
Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Görüşdə Minsk Qrupunun həmsədrləri, həmsədr ölkələrin xarici işlər nazirləri, Azərbaycan və Ermənistan XİN başçıları, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.