Andrey Ruzinski açıqlamasında müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistanın tərəfində Qarabağda vuruşacağını açıqlayıb.
AranNews- Rusiya Ukraynanın şərqindəki orduların rəhbər heyətinin rotasiyasına başlayıb.
Ukrayna Baş Kəşfiyyat İdarəsi bu barədə informasiyanı yayıb. Kəşfiyyat həmçinin 2015-ci ilin yanvarından bu günə qədər Donbasa Rusiya ordusunun müxtəlif yerlərdəki bazalarından hərbçilərin gəldiyini bildirib. Bu şəxslər qondarma respublikanın ərazisində Moskvanın tapşırığını yerinə yetiriblər. Donbasa göndərilən hərbçilərin böyük bir hissəsi Azərbaycan və Gürcüstanla sərhəd təşkil edən bazalardan olub. Bunlar sırasında xüsusilə Çeçenistan, Abxaziya, Şimali Osetiya, Dağıstan və Ermənistan xüsusilə seçilib. Ermənistandakı Gümrü bazasından Ukraynaya polkovnik Andrey Ruzinski və podpolkovnik Aleksandr Maksimov göndərilib.
Qeyd edək ki, Andrey Ruzinski Ermənistandakı 102-ci bazaya rəhbərlik edib. 2013-cü ildə onun Rusiya mətbuatına verdiyi müsahibə Bakının kəskin etirazına səbəb olub. Həmin zaman polkovnik açıqlamasında müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistanın tərəfində Qarabağda vuruşacağını açıqlayıb. Sonradan Ruzinski vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə general-mayor Vladimir Ustinov təyin edilib. Keçən il Ruzinskinin adı yenidən mətbuat səhifələrində peyda olub. Ukrayna kəşfiyyatı polkovnikin Luqanskdakı terrorçuların motoatıcı birliklərinə rəhbərlik etdiyini açıqlayıb. Burada o tanınmaması üçün Ruzinski soyadını dəyişdirərək özünü Nefedov kimi təqdim edir.