Ermənistanin “İrs” partiyasından olan deputat Zarui Postandjyan bu gün keçirdiyi birifinqdə Sarkisyanin cəmi 800 hektar ərazi itirdiyini bildirərək geri çəkilməyə davam etdiklərini söyləyib.
AranNews- “Sarkisyan bildirir ki, 800 hektar ərazi əhəmiyyətsizdir. Halbuki, yalan danışır. Bu gün Ermənistan üçün ən böyük təhlükə Sarkisyanın özüdür. Çünki o, ərazilərin Azərbaycana qaytarılması siyasətini yürüdür və buna hazırdır”.
Erməni deputat qeyd edib ki, Ermənistan yalnız ərazi deyil, həm də təhlükəsizliyini itirdi.
“İtkilərimiz arasında bir kənd də var. Lakin hakimiyyət bunu gizlədir. İndi Talış və Ağdərədə yaşamaq mümkün deyil. İnsanlar oranı tərk edirlər. İstisna deyil ki, bu ərazilər təhvil veriləcək və hakimiyyət bunun əhəmiyyətsiz ərazilər olduğunu bəyan edəcək. 800 hektar ərazinin itirilməsi ilə bağlı deyilənlər göstərir ki, Sarkisyan ümumiyyətlə torpaqları qaytarmağa hazırdır”, – deyə o bildirib.
Qeyd edək ki, Sarkisyan Azərbaycan Ordusunun 800 hektar ərazini azad etdiyini bildirsə də, dəqiq məlumatlar azad olunmuş torpaqların 2 min hektardan artıq olduğunu göstərir.