AranNews- Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş lideri, Qarabağda atəşkəs barədə Bişkek protokolunu 1994-cü ildə imzalamış general-leytenant Samvel Babayan Ermənistana çağrılıb.
S. Babayan bu gün uzun illərdir yaşadığı Moskvadan Ermənistana gəlib. Bu barədə “Samvel Babayan: Qayıdış” vətəndaş təşəbbüsünün nümayəndələri məlumat yayıb.
Qeyd edək ki, 1988-ci ildə Dağlıq Qarabağda başlanmış “Miatsum” hərəkatının fəallarından olan 51 yaşlı S. Babayan müharibə zamanı "Stepanakert batalyonu"nunun rəhbəri olub. O, 1991-ci ildə Şaumyankənddə pasport rejiminin yoxlanması üçün keçirilmiş “Üzük” əməliyyatı zamanı SSRİ daxili qoşunları tərəfindən həbs edilib və 6 ay Bakıda həbsdə saxlanılıb.
Babayan 1992-ci ildə Şuşanın işğalı planının hazırlanmasında iştirak edib. Daha sonra separatçı silahlı qüvvələrin komandanı vəzifəsinə təyin olunub. 1994-cü ildə atəşkəslə bağlı Azərbaycanla aparılan beynəlxalq danışıqlarda Dağlıq Qarabağı təmsil edib. Bişkekdə imzalanmış atəşkəs protokoluna qol çəkib.
2001-ci ildə qondarma rejimin rəhbəri Arkadi Qukasyana qarşı sui-qəsd təşkil etmək ittihamı ilə həbs olunub və 15 il azadlıqdan məhrum edilib. 2010-cu ildə azadlığa buraxılıb. Ermənistanda müxalif “Ədalət” blokunun yaradıb. Daha sonra Ermənistanı tərk edib və ictimai-siyasi fəaliyyətdən uzaqlaşıb.
2005-ci ildə “Azadlıq” radiosuna verdiyi müsahibəsində bəyan edib ki, Qarabağ münaqişəsinin tərəfləri böyük güzəştlərə getmək iqtidarında deyil və bu məsuliyyəti üzərlərinə götürə bilmirlər.
O, işğal altında olan Azərbaycan rayonlarının geri qaytarılmasının əleyhinə çıxış edib və bildirib ki, bu ərazilər Dağlıq Qarabağın təhlükəsizliyinə təminat verir: “Təhlükəsizlik bu ərazilərlə bağlıdır və mövcud ciddi məsələləri bu çərçivədə həll etmək lazımdır. Bu fonda Dağlıq Qarabağın statusu ikinci dərəcəli məsələdir”.
Babayanın sözlərinə görə, əgər tərəflər razılığa gələ bilməsələr, gec-tez müharibə başlanacaq.
Onun Ermənistana qayıtması üçün təşəbbüs qrupu yaradılmışdı.
S. Babayanın qəfil qayıdışı son günlər Ermənistan hərbi elitasında aparılan təmizləmələrlə bağlı ola bilər. Serj Sərksiyanın aprel döyüşlərindəki uğursuzluğundan sonra Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbçiləri işdən azad edib. Bu gün isə Dağlıq Qarabağ separatçılarının keçmiş rəhbərlərindən birini müdafiə nazirinin müavini təyin edib.
S. Babayanın İrəvana çağırılması bu baxımdan ona da hansısa yeni vəzifə verilməsi ehtimalını gündəmə gətirir.