Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur.
AranNews- “Azərbaycanin elmi kadr potensialının orta yaş həddi ildən-ilə yüksəlir. Təhsil Nazirliyi sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur. Yaşı 65-dən yuxarı olanların sayı isə 68, 7 faiz təşkil edir". Bu sözləri çıxışında təhsil Nazirinin müavini Ceyhun Bayramov deyib. Nazir müavini elmi kadr potensialının orta yaş həddinin yüksəlməsindən narahatçılığını ifadə edib. Açıqlanan statistikadan da göründüyü kimi, ölkədə gənclərin elm sahələrinə marağı müxtəlif səbəblərdən azalıb.
Bəs görəsən elmi kadr potensialının orta yaş həddinin yuxarı olmasının və gənclərin elm sahələrinə maraq etməməsinin səbəbləri nədir?
İslaminSesi mövzunu təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı ilə müzakirə edib. Ekspert bildirib ki, problemin mövcudluğu stimmulun olmamasından qaynsaqlanır: “Elmlər Doktoru, Elmlər Namizədindən cəmi 50-60 AZN çox pul alır. Lakin fəxri adın müdafiəsində çox böyük problemlərlə üzləşirlər. İlk növbədə maddi stimmulun az olması, daha sonra isə bürokratik əngəllərin çoxluğu gənclərin elm sahəsinə üz tutmasını əngəlləyir”.
Məhərrəm Zülfüqarlının sözlərinə görə, nə qədər ki, süni maneələr, lazımsız tələblər, neqativ hallar mövcuddur bu problem öz həllini tapmayacaq: “Yaşlı nəsilin nümayəndələri Elmlər Akademiyasında, institutlarda, Ali Attestasiya Komisiyasında və digər mötəbər yerlərdə rəhbər vəzifələrdə əyləşiblər. Məhz bu şəxslər bürokratik əngəllər rolunda çıxış edirlər. Məktub göndərərkən cavab vermirlər, süründürməçilik, get-gəl yaradırlar. Gənclər də bu cür problemlərlə üzləşərkən elm ardınca getməkdən imtina edirlər”.
Ekspert qeyd edib ki, bu sahədə müsbət irəliləyişlər əldə etmək üçün köklü kadr dəyişikliyi həyata keçirilməlidir: “Elmi dərəcələrindən asılı olmayaraq bürokratik əngəllər yaradan şəxslər tutduqları vəzifələrdən azad edilməlidirlər. Əvəzində isə dövlətin, millətin gələcəyini fikirləşən hümanist insanlar cəlb olunmalıdır. Bu halda sözügedən problemin həlli mümkünləşər”.