Rusiya Azərbaycan ordusunda istismarda olan pilotsuz kamikadze dronlarını istehsal edəcək.
AranNews-un məlumatına görə, bu barədə Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə “TASS” agentliyinə açıqlamasında deyib.
Kamikadze-dronlar Rusiyada artıq istismarda olan pilotsuz uçuş aparatının modifikasiyası əsasındə yaradılacaq.
"Hazırda brander prinsipi ilə işləyən PUA (Pilotsuz Uçuş Aparatı) yaradılır. Yəni hədəfə çatdığı anda partlayacaq", - deyə mənbə bildirib.
Hazırda bu tip silahlardan yerüstü hədəflərin məhv edilməsində istifadə edilir. Uçuş aparatı özü də hədəfləri müəyyən edir. Həmçinin uçan aparat hədəfə yaxınlaşan zaman onun icra edəcəyi hərəkəti təxirə də salmaq olur. Həmin pilotsuz təyyarə bazaya avtomatik formada qayıda bilir.
Azərbaycanın kamikadze dronlardan istifadə etməsi Ermənistan tərəfinin narahatlığına səbəb olmuşdu. Hətta Ermənistan rəhbərliyi sionist rejimin Azərbaycana bu tip silahları satdığı üçün etiraz da ünvanlamışdı.
Azərbaycan hazırda kamikadze dronları xaricdən alsa da yaxın gələcəkdə pilotsuz uçan aparatların yerli istehsalına başlayacaq. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ANS TV-yə açıqlamasında bildirmişdi ki, yaxın 3 ayda prezident İlham Əliyevin tapşırığı ilə yeni nəsil “zərbə” adlı pilotsuz uçuş aparatlarının serialı istehsalı həyata keçiriləcək.
“Bu uçuş aparatları bizə imkan verəcək ki, düşmənin atəş nöqtələrini müəyyən etməklə həmin dayaq nöqtələrini məhv edək. Artıq düşmənlər - Ermənistan ordusunun əsgər və zabitləri indidən eşitməli, bilməlidirlər ki, Azərbaycan yaxın zamanlarda istehsal etdiyi belə silahlarla onları işğal etdikləri torpaqlardan qovacaq”, - deyə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. /ANS PRESS/